Salyanda yol tikintisinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Salyan rayonunun SalyanNeftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, SalyanNeftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.