XİN: Ermənistanın Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız iddialarını rədd edirik

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən açıqlamasını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2022-ci il 28 may tarixli açıqlamasına dair şərhində deyilir.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.

Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.

Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır”, - deyə Azərbaycan XİN-in şərhində qeyd olunub.