Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, professor Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradılıb.

 Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnallar daxil olub. Xalq artisti Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib.

Xatırladaq ki, Amaliya Pənahova “Əhməd haradadır?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Babək”, “Gözlə məni”, “Bircəciyim”, “Cavad xan” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.