Əsil insan ömrünün çalarları - Foto

H.Çələbi (sağdan), A.İsazadə və A.Səmədov Ordubadda geoloji marşrutda

İyun ayının 10-da görkəmli geoloq, şair-publisist, gözəl insan, əziz dostumuz HƏSƏN ÇƏLƏBİNİN 75 illiyidir. Çox təəssüf ki, bu günü Həsən bəyin əziz - yaxınları və dostları onsuz qarşılayır.
"Yer və insan" jurnalının ötən nömrəsində çap olunmuş "Əsil insan ömrünün çalarları" adlı yazını diqqətinizə təqdim edirəm.Allah Həsən bəyə rəhmət eləsin!
2021-ci ilin iyulunda əziz dostumuz Həsən Çələbini əbədi itirdik...Bu insan tanıdığımız yaxşı insanlar arasında seçilmişlərdən idi. O uzun sürən xəstəlikdən sonra doğulduğu Qax rayonunda dünyasını dəyişdu və orada da dəfn olundu. Əksər tanıyanların sevimlisi olan şair təbiətli, milli ruhlu, alovlu vətənpərvər, yüksək mədəniyyətli, gözü-könlü tox, eyni zamanda ölkəmizdə kamil geoloq kimi tanınan Həsən bəyin dəfnində çox sayda geoloqlar, dost-tanışları və məsləkdaşları iştirak edə bilərdi... Fəqət bu hadisə baş verən zaman bölgədə COVİD -19 virusu tüğyan edirdi. Həmin səbəbdən təhlükəsizlik tədbirləri ilə bağlı rayona gediş-gəlişə və insanların toplanmasına məhdudiyyət qoyulmuşdu. Amma, bu ağır itki mərhumun bütün yaxınlarını və dost-tanışlarını çox-çox üzdü... sarsıtdı...Həsən bəyin olduqca maraqlı, keşməkeşlərlə dolu olan qaynar həyatına nəzər salsaq bu itkinin miqyasını ötəri də olsa təsəvvür edə bilərik.
O, 1947-ci ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1964-cü ildə Sarıbaş kənd onbirillik məktəbi qızıl medalla bitirmişdir. 1964-1968-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakultəsində, 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya fəkultəsində ali təhsil almış, sonra Azərbaycan Dövlət Universitetinin aspiranturaslnda (qiyabi) oxumuşdur.
1967-1970-ci illərdə “Elektrotexsənaye” Elmi Tədqiqat İnstitutunda texnik, kiçik elmi işçi, 1974-1985-ci illərdə Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında böyük texnik-geolog, geolog, böyük geolog, axtarış partiyasının baş geologu, 1985-2002-ci illərdə Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Mərkəzi Aparatında Geologiya şöbəsində böyük geolog, Geologiya şöbəsinin rəis müavini, Geologiya və Texniki-İstehsalat şöbələrinin rəisi, 2002-2006-cı illərdə yeni yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İstehsalatın Təşkili və Planlaşdırılması İdarəsi”ndə baş mütəxəssis, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geologu vəzifələrində işləmişdir.
Ehtiyatları sabiq SSRİ Nazirlər Soveti yanında “Faydalı qazıntı yataqlarının ehtiyatları üzrə Dövlət Komissiyası”nda qəbul olunmuş Kasdağ kolçedan polimetal yatağı üzrə yekun hesabatın əsas müəlliflərindən idi və həmin yatağın öyrənilməsindəki xidmətlərinə görə “Yer təkinin kəşfiyyat əlaçısı” medalı ilə təltif olunmuşdu.
1993-cü ildən 2002-ci ilə qədər Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsində Kollegiyanın üzvü olmuşdur.
2006-cı ildən ömrünün sonunadək Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətində (AİMC) “Geologoya Departamenti”nin baş geologu vəzifəsində işləmişdir. Burada bir haşiyə çıxmaq istəyirəm.

...Həyat elə gətirmişdi ki, Həsən bəy həmin Şirkətdə ölkəmizdə tanınan, Respublikanın Əməkdar Geoloqu, Kiçik Qafqazın geoloji öyrənilməsində əlahiddə xidmətləri olan və özünün yaxın dostu mərhum Akir İsazadə ilə birlikdə işləməli olmuşdu. Oxşar xasiyyət və əqidəli, faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyatı və geoloji işlərin aparılmasının mahir təşkilatçıları olan bu iki dostun birgə fəaliyyəti çox çəkmədən yeni yaradılmış Şirkətdə öz bəhrəsini verdi. Onlar qısa bir vaxtda A.Vəliyev, M.Talıbov, S.Mursalov, R.Əsgərov, R.Abdullayev, B.Məmmədəliyev, E.Əliyev, F.Hüseynov, C.İbrahimov və b. gənclərdən ibarət xeyli sayda sırf mədən geoloqları yetişdirdilər. Ölkəmizdə dağ-mədən sektorunun inkişaf etdirildiyi bir zamanda beynəlxalq səviyyəli belə mütəxəssislərin yetişdililməsi çox böyük nailiyyət və dağ –mədən sektorunun inkişafına tövhə idi.

Bununla əlaqədar müqayisə üçün yadıma bir hadisə düşdü. XIX əsrin 50-60-cı illərində o zamankı Rusiya İmperiyasının paytaxtı Sankt-Peterburqda sonradan dünyaşöhrəti qazanmış olan 5 böyük rus bəstəkarı (M.Balakirev, M.Musorqski, A.Borodin, N.Rimskiy-Korsakov və S.Kyui) oxşar əqidəyə xidmət etməklə eyni dərnəyə gedirdilər. Dərnəyin rəhbəri yazıçı və arxivşünas V. Stasov idi. Sonradan bu dəstəyə “Qüdrətli toplum” (Moquçaya kuçka) adı verdilər.
Mən də Həsən bəy və Akir bəyə bəzən zarafatla Siz “moquçaya kuçka”, qüdrətli bir toplum yaradırsınız deyirdim...
... H.Çələbi “Qızıl haqqında 1001 söz” elmi-kütləvi kitabın, “Bu yerdə” şeirlər kitabının, “Söz bağçasından–Hikmət gülüstanına”, “Bir ömürdü...yaşayıram” (xatirələr, düşüncələr, yaşananlar) kitablarının müəllifi, “Azərbaycanın mineral-xammal ehtiyatları” (rus dilində) və “Azərbaycanın filiz yataqları” (rus dilində) kitablarının həmmüəllifidir. “Sovetskaya Qeoloqiya”, “Azərbaycan Elmlər Akademiyasının Xəbərləri, geologiya seriyası”, “Yer və insan”, “Zondaj-98” (Türkiyə) yurnallarında 20-dən çox elmi – kütləvi məqaləsi çap olunmuşdur.
O bir sıra ölkələrdə keçirilən geologiya və mədənçiliyə dair beynəlxalq simpoziumlarda və konfranslarda Azərbaycanı təmsil etmişdir.
...Həsən bəy barədə düşünəndə gözümün önündə tanıdığım ən səmimi insanlardan biri canlanır. Ömrünün son ilində mərhum ağır sürən xəstəlikdən əziyyət çəkirdi. Amma, o ağrılarından danışmağı sevməzdi. İstəməzdi ki, kimsə onun qayğılarına şərik olsun. Məğrur insan idi. Bunlara baxmayaraq tez-tez telefonla əlaqə saxlayırdıq. Bu ilin may ayında mənə zəng edəndə baxdım ki, səsi elə bil əvvəlki günlərə nisbətən daha açıqdır, sevindim. “Nəhayət ki, bitirdim. Bu günlərdə çapdan çıxacaq. Sənin nüsxəni Tariyellə göndərəcəm” dedi. Söhbət bir növ onun özü haqqında yazdığı “Bir ömürdü... yaşayıram” adlı avtobioqrafik kitabından gedirdi. Bir neçə gün sonra Tariyel sözü gedən kitabı mənə gətirdi...
H.Çələbi marşrutda
... Söz vaxtına çəkər, düz 10 il əvvəl Həsən bəy mənə “Qızıl haqqında 1001 söz” adlı yenicə çapdan çıxmış elmi- kütləvi kitabını bağışlamışdı. Nəfis şəkildə buraxılmış bu kitab qızıl barədə dilimizdə ilk dəfə populyar yazılmış ensiklopedik məlumatlar toplusu idi. Kitab o qədər zəngin məlumatlı və maraqlı idi ki, onu bir nəfəsə oxumaq olurdu. Bu elə bir zaman idi ki, müstəqil dövlətimizdə ilk dəfə olaraq Gədəbəy qızıl-mis yatağından metal hasil olunurdu və artıq ilk Azərbaycan qızılı birjalara çıxarılmışdı. Şükür ki, indi mətbuata nəzarət edən “qlavlit” ləğv olunub. Təbii ki, yazanlar da çoxalıb. Amma, yazılan kitabların çoxu hansısa elmi populyarlaşdırmaq, yaxud insanları maarifləndirmə məqsədi yox, müəllifi şöhrətləndirməyə xidmət edir. Belə kitabları oxuyan da çox az olur. Həsən bəyin kitabı isə əsil peşəkar yazıçı, alim qələmindən çıxmış şirin və oxunaqlı bir tədqiqat əsəri, elmi-kütləvi kitab idi. Kitab məni valeh etdiyinə görə heç müəllifə bildirmədən ona “Qızıl haqqında qızıl kimi min bir söz” adlı rəy yazaraq qəzetdə çap etdirmişdim.
Mərhumun sonuncu kitabı olan “Bir ömürdü...yaşayıram”da isə onun həyatı - ağlı söz kəsən vaxtdan ömrünün son zamanlarınadək olan dövrə dair xatirələrə həsr olunmuşdur. Bu kitabı həyacansız oxumaq olmur. Müəllif müharibədən sonrakı ağır illərdə Azərbaycanın şimal hissəsində yerləşən Qax rayonunun ən ucqar dağ kəndi Sarıbaşda ehtiyac içərisində, lakin qayğısız keçən uşaqlığından, müəllimlərindən, məktəb xatirələrindən, gördüyü yaxşı insanların səmimiyyətindən və gələcəyə sonsuz inamından, həmçinin həyatda rastlaşdığı insanların əməllərindən – yaxşıların nəcibliyindən və öz mənafeyi naminə istənilən şəraitə uyğanlaşan insanlardan isə kompromissiz yazırdı.
Həsən bəy həm də arabir sevdiyi əsərləri dilimizə çevirməyi də xoşlayardı. Bu baxımdan dünyaşöhrətli böyük Amerika yazıçısı fantast Rey Bredberdən tərcümə etdiyi “ Və...ildırım çaxdı” adlı əsəri çox maraqlı alınmışdı. 1952-ci ildə yazılan bu dəyərli əsər günümüz üçün, elə gələcək üçün də çox ibrətamizdir. Bu kiçik əsərdən sonralar bütün dünyada dillər əzbəti olan və hətta 2004-cü ildə haqqında film çəkilən “Kəpənək effekti” anlayışı yarandı. Yəni dünyamızda mövcud olan hər şey bir-biri ilə vəhdətdədir. Mövcud hormoniya pozulanda faciə baş verir.
Çox az adam taparsan ki, Həsən bəy kimi böyüyüb boya-başa çatdığı doğma kəndi Sarıbaşa bu dərəcədə bağlı olsun. O Sarıbaşa neçə-neçə şeir həsr eləmişdi, yazılar yazmışdı. Sarıbaş onun şah əsəri idi.
Tanrı Həsən bəyə böyük istedad bəxş eləmişdi... O bu vergidən heç zaman öz şəxsi məqsədləri üçün istifadə eləmədi. Orta məktəbdə “əla” qiymətlərlə oxuduyaraq qızıl medal aldığı kimi həyatda da gördüyü işlər “əla”ya münasib olardı. O yalnız elmlə məşğul olsaydı görkəli alim olardı. Gözəl qələmi var idi; ondan tanınmış yazıçı, şair yetişərdi. Lakin o ölkəmizdə seçmə geoloqlardan biri oldu.
O Azərbaycanımızı, dilimizi, mədəniyyətimizi alovlu məhəbbətlə sevir və təbliğ edirdi. Qarabağın, xüsusən Şuşanın işğaldan azad olunması, nəhayət ki, Xeyirin Şər üzərində parlaq Zəfər çalmasından yaranan sevincinin ölçüsünü izah etməyə layiqli söz tapa bilmirəm deyirdi...
Həsən bəy təpədən dırnağadək türkçü idi, iftixarla türkəm deyirdi. XVII əsrdə yaşamış Övliya Çələbini bəşər tarixində ən böyük səyyahlardan biri hesab edir və onun əsərlərində 45 dövlətin tarixi, mədəniyyəti, xalq yaradıcılığı və memarlığı haqqında məlumatlar olduğundan yazır, Övliya Çələbinin əsərlərinin əhəmiyyətini XIII əsrdə yaşamış Venesiyalı Marko Polonun əsərlərindən qat-qat qiymətli hesab edirdi. H.Çələbinin istedadı əhatəli idi. Təəssüf edirəm ki, o bu istedadından lazımınca yararlanmadı.
Bəzən H.Çələbi barədə düşünəndə yadıma böyük Fransız yazıçısı Viktor Hüqonun bir kəlamı düşür:
“Yaxşı insan olmaq asandır, çətini ədalətli insan olmaqdır.”
Biz adətən tanıdığımız insanlarda mərhəmətliliyi, sadəliyi, səmimiyyəti və qonaqpərvərliyi yüksək qiymətləndirir və onları YAXŞI ADAM kimi qəbul edirik.
Eyni zamanda aramızda verdiyi vədə ciddi əməl edən, dürüst, ətrafdakılara zərər verməkdən çəkinən, hər bir insana layiq olduğunu verən insanları da görürük. Belələrinə ƏDALƏTLİ İNSAN deyirik. Ədalətli şəxs başqasına zərər verməyi özünə ar bilər. Ədalətli adam hamı ilə eyni şəkildə davranmaz, əksinə, hər kəsə onun haqqına uyğun yanaşar.
Tərəddüd etmədən deyə bilərəm ki, haqq evinə yola saldığımız dostumuz H.Çələbi həm YAXŞI ADAM, həm də ƏDALƏTLİ İNSAN idi. Bunu onu tanıyan bütün vicdanlı insanlar təsdiq edə bilərlər.
Həsən bəy həmişə işığa, nura, aydınlığa aparan yolla irəliləyən əsil türk oğlu idi. Qardaş türk xalqlarının tarixinə və mədəniyyətinə yaxından bələd olmuşdu.
Vaxtilə çalışdığı sahələrdə yetişdirdiyi hazırda dağ-mədən sektorunda uğurla xidmət edən tələbələri bu gün onun işini ləyaqətlə davam etdirirlər. Məyər bu xoşbəxt yaşanılmış ömür deyildimi?!

Ağamahmud Səmədov

Fotosessiya