Sadiq Qurbanov: Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram - Fotolar

Bu gün Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilib.

Yerveinsan.az təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:

Hörmətli yığıncaq iştirakçıları, hörmətli həmkarlar!

Sizləri tarixi Şuşa torpağında salamlamaqdan böyük fərəh hissi keçirirəm!

Şuşa torpağı Azərbaycan şəhidlərinin qanı ilə yoğurularaq bizim üçün müqəddəsləşmişdir! Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin Vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir.

Bu gün Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram!

Milli Məclisin digər komitələri ilə birlikdə təşkil olun iclasın gündəliyinə daxil edilmiş İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması mövzusu həddindən artıq aktual bir məslədir.

Ekoloji obyektlərə vurulmuş ziyanlar və mineral-xammal yataqları sahəsində görülmüş işlər, meşəbərpa tədbirləri üzrə, bərk məişət tullantılarının idarə edilməsi üzrə, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər və görüləcək tədbirlər barədə Sizə məlumat vermək istəyirəm.

Məlumat üçün bildirm ki, işğal dövründə meşə fonduna aid olmayan yaşıllıq sahələrində 845 941 ədəd ağac və kolun, 54 328 hektar meşə ilə örtülü sahənin, ümumi sahəsi 43 000 hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü 6 800 hektarının, 131 təbiət abidəsi statuslu qədim ağacın məhv edildiyi, 32 hidrometeoroloji stansiya və məntəqənin tamamilə dağıdıldığı, 52 mineral-xammal yatağının istismar edildiyi müəyyən olunmuşdur. İşğaldan azad edilmiş rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilmiş, işğal dövründə istismar edilmiş 52 yatağın təftişi və monitorinqi aparılmış, dəymiş ziyan ilkin olaraq qiymətləndirilmişdir.

Oxçuçayın ekoloji vəziyyətinə nəzarət edilməsi məqsədilə görülmüş işlər

İşğaldan azad edilmiş ərazilərdən axan çaylarda ekoloji vəziyyətin öyrənilməsi və onların çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yerli və beynəlxalq laboratoriyalar tərəfindən monitorinqlər keçirilmiş və su nümunələri üzərində fiziki-kimyəvi analizlər aparılmışdır. Ermənistan tərəfindən Oxçuçayın davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma, çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilmişdir. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir)

Meşəbərpa tədbirləri üzrə görülmüş işlər

Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd (Hadrut qəsəbəsi) rayonlarının ərazisində ümumilikdə 54 hektara yaxın sahədə 38 mindən çox ağac tingi əkilmiş (çinar, sərv, şam, xurma, göyrüş, dağdağan, qarağac, meliya və akasiya) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Həmçinin Ağdam rayonu ərazisində salınmış 13 ha yeni yaşıllıq sahəsinin suvarılması üçün damcılı suvarma sistemi qurulmuş və hazırda Zəngilan şəhərinin girişində 55 ha sahədə salınan yeni yaşıllıq sahəsində damcılı suvarma şəbəkəsinin qurulması işləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə meşələrin inventarlarlaşması və meşəbərpa sahəsində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq edilir. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı Kök Sistemli Tinglik Sahəsi”nin, “Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Mərkəzi”nin yaradılması, həmçinin “Dostluq meşəsi”nin salınması nəzərdə tutulur. Bu məqsədlə 40 ha torpaq sahəsi ayrılmış və layihələndirmə işlərinə başlanmışdır. Tinglik sahəsinin yaradılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcəkdir

Bərk məişət tullantılarının idarə edilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış “İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Komissiya” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının təşkili ilə bağlı əlaqələndirilmiş şəkildə tədbirlər görülür.

İşğaldan azad edilmiş ərazilərdə yaranan tullantılarının yerləşdirilməsi məqsədilə poliqon əraziləri müəyyən edilmişdir. 1-ci mərhələdə Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, 2-ci mərhələdə isə Qubadlı və Cəbrayıl rayonlarında 7 poliqon ərazisinin inşası planlaşdırılır. Müəyyən edilmiş poliqon ərazilərinin layihələndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

Şuşa şəhərinin turistik görünüşü və ekoloji təhlükəsizliyi nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən şəhərin bərk məişət tullantılarının müasir standartlara uyğun olaraq (yeraltı konteynerlərin quraşdırılması və s.) idarə olunmasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə tədbirlər görülür.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər

İşğal dövründə regionun təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə ziyan vurulması, qiymətli meşələrimizin məhv edilməsi ilə bağlı 15-dən çox beynəlxalq təşkilata (UNEP, FAO, UNDP, UNECE və s.) və 30-dan çox ölkənin ətraf mühit, ekologiya və iqlim dəyişmələri sahəsində səlahiyyətli nazirliklərinə müraciət edilmişdir. Eyni zamanda Azərbaycanın qoşulduğu 20-dək çoxtərəfli ekoloji sazişlərin və konvensiyaların katibliklərinə müraciət edilmiş, Ermənistanın qanunazidd fəaliyyətinin ölkəmizin konvensiyalar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə ciddi maneələr törətməsi diqqətə çatdırılmışdır. Ölkəmizin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsi istiqamətində “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanması məqsədilə 2021-ci ilin 12-25 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlərinin ölkəmizə səfəri çərçivəsində ekspertlərin Qarabağa səfəri təşkil edilmişdir.

Bununla yanaşı, işğaldan azad edilmiş və münaqişənin təsirinə məruz qalmış ərazilərdə ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi üçün post-münaqişə zonalarında ekoloji zərərin bərpası üzrə təcrübəyə malik BMT-nin Ətraf Mühit Proqramının (UNEP) müvafiq missiyasının Xarici İşlər Nazirliyinin koordinasiyası ilə 2022-ci il 8-18 mart tarixlərində ölkəmizə səfəri təmin edilmişdir. UNEP Missiyasının həmin ərazilərin yerində qiymətləndirilməsi və ehtiyaclara uyğun olaraq ekoloji bərpası prosesinə dəstək məqsədilə Bakı şəhərində işçi görüşləri ilə yanaşı, 11-14 mart tarixlərində işğaldan azad edilmiş ərazilərə sahə səfərləri də təşkil edilmişdir
Missiya tərəfindən həmin ərazilərin meşə ehtiyatları, su resursları, sənaye və kimyəvi çirklənməsi, tullantılar və onların idarəolunması, bioloji müxtəliflik və digər ekoloji bərpa ehtiyaclarının müəyyən edilməsi üçün hesabat və növbəti mərhələdə bərpa üçün Fəaliyyət Planı hazırlanacaqdır.

İşğal dövründə biotik və abiotik amillərin təsirindən itirilmiş meşə ilə örtülü əraziləri bərpa etmək və müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün yerli meşəbitmə şəraitinə uyğun ağac və kol cinslərindən istifadə edilməklə Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionunda minatəmizləmə işlərinin aparılması dinamikasına uyğun olaraq Nazirlik tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcəkdir.

Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması məsələsi təhlil edilərkən yeni yaşıllıq sahələrinin salınması üçün Ağdam rayonu üzrə 31,3 ha, Cəbrayıl rayonu üzrə 89,8 ha, Füzuli rayonu üzrə 251,1 ha və Zəngilan rayonu üzrə 63,5 ha torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edildiyi və sözügedən rayonların ümumi və baş plan layihələri hazırlanarkən həmin torpaq sahələrinin nəzərə alınacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bildirilmişdir. Məsələnin zəruriliyi nəzərə alınaraq, Nazirlik tərəfindən həmin torpaq sahələrinin 2022-ci ildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə müraciət edilmişdir.

Görüləcək tədbirlər

Hidrometeorologiya sahəsində görülmüş işlərin davamı olaraq Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji, Füzuli şəhərində 1 avtomat aqrometeoroloji və 1 arxeoloji, Xocavənd rayonu ərazisindən axan Köndələnçay çayı üzərində hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Qoruğun sərhədlərinin müəyyənləşdirilməsi, inventarizasiyası və zəruri infrastrukturun yaradılması üzrə işlərə başlanılmışdır. Hazırda Qoruq üçün inzibati binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb, eləcə də “Qoruğun sanitar-mühafizə zonasının xəritəsi”nin təsdiq edilməsi yekunlaşmaq üzrədir.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı növbəti mərhələdə
Qaragöl Dövlət Təbiət Qoruğunun və Arazboyu, Daşaltı, Qubadlı və Laçın Dövlət Təbiət Yasaqlıqlarının fəaliyyətinin bərpası, bioloji müxtəlifliyinin, ekoloji vəziyyətinin qiymətləndirilməsi və ekosistemin bərpası həyata keçiriləcəkdir.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin, “Qarabağın təbii ehtiyatlar atlası”nın və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri göstərilməklə onların xəritələrinin hazırlanması, eləcə də yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının, elektron su xəritəsinin hazırlanması və fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi planlaşdırılır

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan dövləti güclü dövlətdir. Məlumat verdiyim kimi dövlətimiz işğaldan azad olunmuş ərazilərdə həm monitorinqlər, həm marifləndirici tədbirlər həm də bərpa işləri aparır. Şübhəsiz ki, biz bütün gücümüzlə ekoloji tarazlığın bərpa olunmasına çalışacayıq və buna nail olacayıq! Lakin bir məsələni qeyd etməliyəm ki erməni vandalları tərəfindən bizim təbiətimizə elə zərərlər vurublub ki, onları aradan qaldırmaq mümkün deyil. İşğaldan azad olunmuş ərazilərimizdə vaxtı ilə minillərlə yaşı olan qədim ağaclar və s. təbiət abidələri var idiki onlar məhv edilib onları təəssüf ki, bərpa etmək mükün deyil! Çünki onlar təbiət abidləri olmaqla bərabər həm də tariximizin bir parçası idi!

Yeri gəlmişkən, S.Qurbanov iclasdan sonra Cıdır düzünə gedərək oradan canlı yayım edərək ictimaiyyətə rəşadətli ordumuzun qəhrəman əsgərlərinin sıldırımlı qayalara çıxaraq erməni işğalçılarını necə diz çökdürdükləri yerləri göstərib. Millət vəkili daha sonra deyib ki, yaxın zamanda bu yerlər dünyanın ən gözəl turizm guşələrindən birinə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasəti, əsgərlərimizin cəsurluğu nəticəsində Azərbaycan regionun qüdrətli ölkəsi olmaqla, dünyanın aparıcı dövlətləri sırasında yer alıb.

Fotosessiya