Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işini başa çatdırıb

İyulun 1-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının bağlanış mərasimi keçirilib.

Yerveinsan.az xəbər verir ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova bağlanış nitqi ilə çıxış edib.

Milli Məclisin sədri sona çatan Bakı konfransının çox əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, konfrans çərçivəsində vacib məslər müzakirə olundu, qərarlar qəbul edildi.

“Parlament Şəbəkəsinin sədrini və sədr müavinlərini seçdik, loqosunu, bayrağını təsdiqlədik. Məni yenidən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri seçdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, Bakı Bəyannaməsində əksini tapmış məsələlər uğurla icra olunacaq. Parlament Şəbəkəsinin gələcək inkişafı bizim yeni bir mərhələyə keçməyimizə kömək edəcək, əməkdaşlığımız daha da genişləndiriləcək”, - deyə Sahibə Qafarova vurğulayıb.

İki gün davam edən konfrans çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri məruzə ilə çıxış edərək dünyada mövcud problemlərə öz münasibətlərini bildiriblər və bu problemlərə qarşı birgə mübarizə aparmaq üçün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rolunu qeyd ediblər.

Həmçinin konfrans çərçivəsində ikitərəfli görüşlər keçirilib.

Tədbir iştirakçıları konfransdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Bakı konfransında dünyanın 40-dan ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri yer alıb.