“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatına yeni sədr seçilib

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

Diaspora İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib. Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb.

Bəxtiyar Həsənov 1974-cü ildə Ordubad rayonunda anadan olub. İxtisasca şərqşünasdır. Rusiyada şirkətlər qrupunun təsisçisi və rəhbəridir. Ailəlidir, 2 övladı var.