Nazir: Ermənistanla münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün qarşılıqlı tanımasından başqa alternativ yoxdur

Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü, suverenliyini qarşılıqlı tanımağa əsaslanmalıdır. Münasibətlərin normallaşdırılmasında bundan başqa alternativ yoxdur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuata birgə bəyanatında deyib.

“Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini və dəstəyini alqışlayırıq. Brüssel görüşləri Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün çox faydalı idi”, - deyə nazir qeyd edib.

Minatəmizləmə prosesinin postmünaqişə dövründə yenidənqurmanın əsas elementi olduğunu deyən C.Bayramov bildirib ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə daha böyük beynəlxalq yardımın göstərilməsinə ehtiyac var. “Humanitar minatəmizləmə sahəsində göstərilən köməyə və son olaraq 4 milyon avroluq yardım paketinə görə Avropa İttifaqına minnətdarıq”, - deyə nazir vurğulayıb.//Azərtac