Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

Nazir qeyd edib: “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırdıq. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı”.

Mikayıl Cabbarov, həmçinin bildirib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır.