Rusiyanın müharibədən qazancı: 12,4 TRİLYON DOLLARLIQ yataqlar

Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya ümumi dəyəri 12,4 trilyon dollar olan faydalı qazıntı yataqlarını nəzarətə götürüb.

Yerveinsan.az Publika.az-a istinadla bildirir ki, bu barədə “The Washington Post” qəzetinin məqaləsində bildirilir.

Nəşr yazır ki, Ukraynanın 63 kömür yatağı, neft ehtiyatlarının 11%-i, təbii qazın 1/5-i, metalların 42%-i və nadir yer elementləri yataqlarının 1/3-i Rusiya Federasiyasının nəzarəti altındadır. Söhbət həmçinin, akkumulyatorların istehsalı üçün zəruri olan litium yatağından gedir.

Həmçinin, nəzarət edilən ərazilərdə uran, qızıl və əhəngdaşı yataqları var. Beləliklə, Kiyev öz ehtiyatlarının üçdə ikisinə çıxışı itirə bilər.

 
Bu yataqların bir çox faydalı qazıntıları mikroelektronikadan tutmuş aviasiya üçün komplektasiyaya qədər yüksək texnologiyalı məhsulların yaradılması və istismarı üçün lazımlıdır.

“The Washington Post” xatırladıb ki, bu, Qərb ölkələrinin Rusiya və Çindən idxala alternativ tapmasını çətinləşdirəcək.

Avqustun 5-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer bildirib ki, Avropa İttifaqının Rusiyadan kömür alışına dair embarqosu avqustun 10-dan qüvvəyə minəcək və enerji böhranına baxmayaraq, bütün Aİ ölkələri buna əməl etməlidir.