Professor Elçin Əhmədov Fransada fəaliyyət göstərən “La Gazette” portalına Şuşada abidələrimizin işğal vaxtı dağıdılmasından bəhs edib

Fransada fəaliyyət göstərən “La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun Şuşadan müsahibəsinin 2-ci hissəsini yayıb.

“La Gazette” portalının “Şuşa 30 il sonra” sərlövhəli yazısında və müsahibədə professor Elçin Əhmədov tərəfindən sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın yaşayış kompleksi haqqında məlumat verilir. Elçin Əhmədov qeyd edib ki, Xurşidbanu Natəvanın yaşayış kompleksi Şuşa şəhərində ilk inşa edilmiş mülklərindən biridir. Bu saray böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malik olub. Xan qızı Xurşidbanu Natəvanın imarəti “Bazarbaşı” meydanının yaxınlığında hasara alınmış ikimərtəbəli əzəmətli binada yerləşirdi. Beş iri otaqdan ibarət olan bu imarətə sonralar ikimərtəbəli, altı otaqlı bina da əlavə edilib. XIX əsrin memarlıq abidəsi kimi qorunan bu tarixi memarlıq abidəsinin Şuşa şəhərin Ermənistan silahlı qüvvələrinin işğalından sonra dağıdılması, vandalizmə məruz qalması haqqında danışan professor sarayın indiki və işğaldan əvvəlki vəziyyətini müqayisəli şəkildə xarici ictimaiyyətin diqqətinə çatdırır.

Bununla yanaşı, Şuşa şəhərində böyümüş professor bildirib ki, Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanı olan “Bazarbaşı” adlanan yerdə işğaldan əvvəl mövcud olmuş Mədəniyyət evi işğaldan sonra tamamilə məhv edilib. Elçin Əhmədov 1984-cü ildə Mədəniyyət evinin qarşısında ucaldılmış dahi bəstəkar musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün və həmin Mədəniyyət evinin arxasında 1982-ci ildə isə ucaldılmış görkəmli Azərbaycan şairəsi, xeyriyyəçi, mesenat və ictimai xadim Xurşidbanu Natəvanın işğaldan sonra güllələnmiş büstləri haqqında məlumat verib.

Şuşa işğaldan azad ediləndən sonra şəhərin tarixi abidələrinin bərpa edilməsi prosesinə start verildiyini qeyd edən Elçin Əhmədov bildirib ki, 39 il sonra 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı ilkin olaraq məhz dahi şəxsiyyətlərin - Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş həmin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Yazı və videomüsahibənin tam mətni ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür.