“Qarabağ” turnir cədvəlində birinci pilləyə yüksəlib

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna yekun vurulub.

Günün ilk oyununda “Sumqayıt” doğma meydanda “Şamaxı”nı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Sumqayıt”ın heyətində Almir Aqanspahiç, rəqib komandadan isə Bahadur Həziyev fərqləniblər.

Tura “Qarabağ” – “Sabah” matçı ilə yekun vurulub. “Azersun Arena”da keçirilən görüşdə 7 qol vurulub. UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” rəqibini 4:3 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı və Elvin Cəfərquliyev fərqləniblər. “Sabah”ın qollarını isə Emmanuel Apeh, Coy Lens Mikels və Aleksey Kaşuk vurublar.

Bu oyundan sonra 15 xalla “Qarabağ” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Eyni xala malik “Neftçi” ikinci, 13 xalla “Sabah” üçüncü yerdə qərarlaşıblar. Hesabında 10 xal olan “Turan Tovuz” və “Zirə” dördüncü-beşinci yerdədirlər. “Qəbələ” (9 xal) altıncı, “Səbail” (5 xal) yeddinci, “Sumqayıt” (3 xal) səkkizinci, “Şamaxı” (2 xal) doqquzuncu və “Kəpəz” (xalı yoxdur) isə sonuncu – onuncu yerdə qərarlaşıb.