Bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var

Azərbaycanda sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.