“Zar mağarası”nın sirli keçmişi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ermənilərdən qaçaraq Zar mağarasına sığınmış şəxslərin xatirəsinə həsr olunmuş “Zar mağarası” adlı sənədli film hazırlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən bildirilib ki, sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının yaşadıqlarından bəhs edir.

Rejissor Hüseyn Kazımov filmin gerçək hadisələrə əsaslandığını deyib: “4 kəlbəcərli 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıb. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə əhali kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Onlar sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə məruz qalıblar, daşların-qayaların arxasına sığınaraq sağ qalıb və gecə geriyə - kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada gizlənib, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin oranı necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar”.

Filmin çəkilişləri Ermənistanla sərhəd ərazidə Zar kəndindəki sözügedən mağarada aparılıb. “Zar mağarası” filminin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur.

Sənədli filmin ssenari müəllifi Almaz Mahmud isə qeyd edib ki, onlar mağarada əzablı günlər keçirsələr də düşməndən qaçaraq 6 aya yaxın davam edən bu mübarizədən qalib ayrıla biliblər.

Qeyd edək ki, sənədli film oktyabrın 5-də saat 22:30-da AzTV-də yayımlanacaq.