Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə M.S.Ordubadinin “Dumanlı Təbriz” tarixi romanı təqdim olunur.

Yaradıcılığa 14 yaşından şeir yazmaqla başlayan Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan ilk şəxsiyyətdir. M.S.Ordubadi erkən əsərlərində antierməni və islamçılıq mövqələrindən çıxış edir. “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” kimi möhtəşəm əsərlərin müəllifi olan M.S.Ordubadinin yaradıcılığı öz dövründə də, müasir dövrümüzdə də oxunaqlı və aktualdır. Məmməd Səid Ordubadi tarixdə iz qoyan yazıçılarımızdandır.

Yazıçının “Qılınc və qələm” əsəri dahi Nizamiyə həsr olunub. 

M.S.Ordubadi M.Maqomayevin “Nərgiz”, Ü.Hacıbəylinin “Koroğlu”, Ə.Bədəlbəylinin “Nizami” və s. operaların librettosunun müəllifidir. O, A.S.Puşkinin və M.Y.Lermontovun əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda izləyicilərə M.S.Ordubadinin “Dumanlı Təbriz” tarixi  romanından ən maraqlı epizodlardan birini təqdim edir. Əsər tarixi hadisələrin bədii təsviri ilə seçilir, oxucuya Şərq həyatı haqqında ilk həqiqi və dolğun təəssürat, bədii, əfsanəvi dona geydirilmiş zəngin, hərtərəfli məlumat verir.

Əziz kitabsevərlər, yaxın keçmişimizə yazıçımızın qələmə aldığı əsərlərlə səyahət edə bilərik. Oxuyun, faydalanın və dünyaya baxışınızı zənginləşdirin.

Videoçarx kitabxananın YouTube kanalında verilib: