İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Azərbaycan Milli Kitabxanasında olub

Oktyabrın 7-də İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yaser Əhmədvənd Milli Kitabxanada olub.

Millik Kitabxananın direktoru Kərim Tahirov hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışaraq ötən ildə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi ilə Azərbaycan Milli Kitabxanası arasında onlayn formada Əməkdaşlıq haqqında Memorandumun imzalandığını bildirib.

Direktor qonaqlara kitabxana haqqında ümumi məlumat verərək bildirib ki, Azərbaycan Milli Kitabxanası ölkənin ən zəngin kitabxanasıdır. Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesləri, pandemiya dönəmində Milli Kitabxananın onlayn xidmətlərindən, eləcə də beynəlxalq layihələr haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə əməkdaşlıq edir.

Görüş zamanı professor Kərim Tahirov qeyd edib ki, pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada 7 milyona yaxın oxucuya xidmət göstərib. Bu oxucuların içərisində İrandan olan oxucularımızda xüsusi yer tutur. K.Tahirov Azərbaycan və İran Milli Kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu qonağın diqqətinə çatdırıb.

Azərbaycanda ilk dəfə olduğunu bildirən İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yaser Əhmədvənd burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, İranda nəşriyyat işi çox inkişaf edib, təxminən 100 minə yaxın kiçik və böyük kitabxana və onların çoxsaylı fondu fəaliyyət göstərir. Nazir müavini sonda Azərbaycan Milli Kitabxanasını gələn il keçiriləcək Tehran Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub və xatirə şəkili çəkilib.