DSX: 13 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıb.

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, oktyabrın 15-də saat 12:00-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir nəfərin şübhəli hərəkətləri müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Həmin şəxsin Ucar rayon sakini 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib, onun üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkarlanaraq götürülüb.

Oktyabrın 16-da saat 18:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə yüksək sürətlə hərəkət edən göy rəngli VAZ 2106 markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Neftçala rayon sakinləri 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkarlanaraq götürülüb.

Faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.