Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin və Şövkət Ələkbərovanın adını daşıyan 20 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

Baş İdarədən bildirilib ki, tədbirdə Şövkət Ələkbərovanın həyat və yaradıcılığından, onun Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən bəhs olunub.

Tədbirdə çıxış edən musiqişünas Aybəniz Növrəsli bildirib ki, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq idi. "O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf edib. Ölkəmizin bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir və onun zəngin təcrübəsindən bəhrələniblər", - deyə A.Növrəsli qeyd edib.

Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edərək, Şövkət Ələkbərova sənətinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib, onun ifasında səslənən hər bir muğamın və mahnının Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrildiyini vurğulayıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə tanınmış müğənnilərin ifasında məşhur Azərbaycan bəstəkarları E.Sabitoğu, C.Cahangirov, V.Adıgözəlov, T.Quliyevin və digər bəstəkarların əsərləri səsləndirilib.