Cənubi Koreya, ABŞ və Yaponiya liderləri Pxenyanın nüvə-raket fəaliyyətini müzakirə edəcək
Cənubi Koreya Prezidenti Yun Sok Yol ABŞ dövlət başçısı Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini, xüsusən də Pxenyanın son raket buraxılışları fonunda Koreya yarımadasında gərginləşən vəziyyəti müzakirə edəcək.
Bu barədə Cənubi Koreya Prezidentinin ofisi açıqlama yayıb. Üçtərəfli görüş noyabrın 13-də Kambocanın paytaxtı Pnompendə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində baş tutacaq. Bu, Yun Sok Yolun dövlət başçısı seçilməsindən Cənubi Koreya, ABŞ və Yaponiya liderlərinin 2-ci üçtərəfli görüşü olacaq. İlk belə görüş iyunda Madriddə NATO sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, sentyabrın son günlərindən etibarən Şimali Koreya bir neçə dəfə müxtəlif tip, o cümlədən ortamənzilli və qısamənzilli ballistik raketlər buraxıb. Pxenyanın oktyabrın 4-də buraxdığı ortamənzilli ballistik raket isə təxminən 1000 kilometr hündürlüyə qalxaraq, Yaponiyanın şimalındakı Aomori prefekturası üzərindən keçməklə 4600 kilometr məsafə qət etdikdən sonra Sakit okeana düşüb. Noyabrın 2-də buraxılan qısamənzilli raketlərdən biri Yapon dənizində Şimali Koreya və Cənubi Koreya arasında de-fakto sərhəd xəttinin 26 kilometr cənub hissəsinə düşüb. Cənubi Koreyanın qırıcı təyyarələri cavab məqsədilə Yapon dənizində sərhəd xəttin şimal hissəsinə 3 ədəd hava-yer raketi atıb. Bunun ardınca Şimali Koreya Sarı və Yapon dənizləri istiqamətində daha 6 raket atıb, bundan başqa, iki Koreya arasındakı quru ərazidəki bufer zonaya yüzlərlə artilleriya atəşi həyata keçirib.
Şimali Koreyada sonuncu raket buraxılışları ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin oktyabrın 31-də başlayan və beş ildən sonra ilk böyük birgə təlimi dövrünə təsadüf edir. Seul və Vaşinqton KXDR-in son iki günün raket buraxılışları səbəbindən artan təhlükəsizlik böhranı fonunda noyabrın 4-də başa çatmalı olan təlimlərin müddətini uzatmaq barədə qərar qəbul edib. Təlimlərə, ümumilikdə, 240-a yaxın təyyarə cəlb olunub. Rəsmi Pxenyan ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinin potensial işğala hazırlaşmağa yönəldiyini iddia edərək bildirib ki, əgər Seul və Vaşinqton Şimali Koreyaya hücum etmək qərarına gəlsə, dəhşətli cavab alacaqlar.//AZƏRTAC