ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək
ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.
Associated Press agentliyi xəbər verir ki, yeni yardım paketinin bu gün elan olunacağı gözlənilir. Buraya, həmçinin yüksək dəqiqliyə malik “Joint Direct Attack” bombaları, minlərlə artilleriya və minomyot mərmiləri, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri daxildir.
“Patriot” zenit raket komplekslərinin Ukraynaya veriləcəyi dəqiq tarix bəlli deyil, belə ki, ukraynalı hərbçilər həmin sistemləri idarə etmək üçün təlim keçməlidir. Almaniyanın “Grafenwohr” poliqonunda keçiriləcək təlimlərin bir neçə həftə davam edəcəyi nəzərdə tutulur.//AZƏRTAC