İndiyə qədər yüz mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub

Yüz mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Hər gün 250-300 Qərbi azərbaycanlı İcmada qeydiyyata alınmaq üçün təşəbbüs göstərir.

Əslən indi “Ermənistan” adlanan ərazidən olan soydaşlarımızın da qeydiyyata alındığını bildirən Ü.Zülfiqar deyib ki, 1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, ondan əvvəl köçməyə məcbur edilənlər və onların varisləri arasında da qeydiyyata alınanlar var.

O, həmçinin vurğulayıb ki, "Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən təkliflər göndərilib və bu təkliflərin hər biri qeydə alınıb.

Qeyd edək ki, “Qərbi Azərbaycan İcması” “Qayıdış konsepsiyası” ilə bağlı ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir ki, “Qərbi Azərbaycan İcması” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (“Qayıdış konsepsiyası”) layihəsi üzərində işini davam etdirir:

"Geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olmuşdur. Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023 tarixi, saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac vardır. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər", - müraciətdə deyilir.