TƏBİB-in rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar

Bu gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”də (TƏBİB) qurumun rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavini Araz Nəsirov, icraçı direktorun müşaviri Pərvin Əkbərov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar.

TƏBİB-dən  bildirilib ki, influenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla birüzə verir və adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır.

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib. Gəncə, Sumqayıt, Mingeçevir şəhərləri, Şəmkir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

TƏBİB-dən bildirilib ki, qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.

Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.