AzTV Türkiyədəki zəlzələ ilə əlaqədar proqramında dəyişiklik edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, AzTV, “Mədəniyyət” TV, “İdman” TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da bir qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.

Bundan əlavə, QSC-nin TRT və “Anadolu” agentliyi ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.