Azərbaycanda Erkən Xəbərdarlıq Sisteminin yaradılması məsələləri müzakirə edilib

Avropa İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində Litva, Finlandiya və Fransa mütəxəssisləri tərəfindən təlim keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi təlimdə Finlandiyanın Meteorologiya İnstitutu və Litva Respublikasının Hidrometeorologiya Xidmətinin nümayəndələri tərəfindən erkən xəbərdarlıq sistemi üzrə fəaliyyətlərin həyata keçirilməsi, erkən xəbərdarlıq məlumatlarının dövlət orqanlarına və ictimaiyyətə ötürülməsi üsulları və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə hər üç Avropa ölkəsinin təcrübəsi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, Fransanın Su üzrə Beynəlxalq İdarəsinin nümayəndəsi tərəfindən Aİ-nin daşqınlar üzrə Direktivi və Azərbaycanın müvafiq qanunvericilik sənədlərinin müqayisəsi əsasında hazırlanmış uyğunluq cədvəli iştirakçılara təqdim edilib.

Təlim çərçivəsində iştirakçılara Azərbaycanda Erkən Xəbərdarlıq Sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, Dövlət investisiya layihələri çərçivəsində müşahidə sistemlərinin avtomatlaşdırılması haqqında məlumatlar verilib.