İranın molla rejimi artıq dünya birliyində legitimliyini itirib
İki gündür ki, dünyanın tanınmış media qurumlarının diqqəti Almaniyanın Münxen şəhərinə yönəlib.
Yerveinsan.az AZƏRTAC-a istinadən xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransı hər il olduğu kimi cari ildə də diqqət mərkəzindədir. Burada müzakirə olunan məsələlərin və qəbul edilən qərarların qlobal siyasi proseslərə böyük təsiri var. Rusiya-Ukrayna müharibəsi konfransın əsas müzakirə mövzusu olmasına baxmayaraq, dünya birliyi üçün heç də az əhəmiyyət kəsb etməyən məsələlər də diqqəti cəlb edib. Ötən illərdən fərqli olaraq bu ilki konfransa İran dəvət almayıb. Vaxtı ilə İranın siyasətinin islahatçılar qanadını təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zərif bu tədbirdə iştirak edərək rəsmi Tehranın beynəlxalq aləmə inteqrasiya olunmaq niyyətindən danışır və bu istiqamətdə atılan addımları izah edirdi. Lakin İranda mühafizəkarların hakimiyyətə yiyələnməsi ölkənin xarici və daxili siyasətində elə transformasiya proseslərinə səbəb oldu ki, molla rejiminin yürütdüyü siyasətin əsl mənfi mahiyyəti aşkara çıxdı. Odur ki, bu il İran rəsmilərinin əvəzinə 1979-cu ildə devrilən İran şahının ABŞ-da mühacirətdə yaşayan oğlu Rza Pəhləvinin dəvət alması bir çox mətləblərdən xəbər verir. Bu hadisənin İranın daxilində baş verən proseslərlə əlaqədar olması şübhəsizdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ən elementar hüquqlara malik olmayan İran xalqı sadəcə olaraq 22 yaşlı gənc qızın polis zorakılığı nəticəsində öldürülməsinə etiraz edərək, kəskin qəddarlıqla qarşılaşdı. İran hakimiyyəti öz xalqına qarşı törətdiyi cinayətlərlə yanaşı, beynəlxalq hüquq sistemini və region dövlətlərinin milli maraqlarını da inkar edərək islam dinindən ayrılmış bir ideoloji cərəyan üzərində dominantlığını təmin etməyə çalışır. Bu dominantlıq heç də İranda yaşayan xalqlara və region xalqlarına xoşbəxtlik, firavanlıq gətirmək üçün deyil, klerikal hakimiyyətin ömrünü uzatmaq üçündür.
Tehran Universitetinin professoru, hazırda Kanadada yaşayan Rza Bərəhani qeyd edir ki, İran hakimiyyətinin həyata keçirdiyi siyasi xətt getdikcə onu dünya birliyindən uzaqlaşdırır və legitimliyinin tanınmasını şübhə altına salır. İslam inqilabının banisi hesab edilən İmam Xomeyninin “Nə Qərb, nə Şərq. İran öz yolunu müəyyənləşdirib irəli getməlidir” fikri onu nəinki irəli aparmadı əksinə yüz ildən də çox geri saldı. İş o yerə gəlib çatıb ki, İran hər il dəvət aldığı beynəlxalq tədbirə belə dəvət almır. Rəsmi Tehranın yerinə Münxen Təhlükəsizlik Konfransına devrilmiş şahın oğlunun dəvət alması onu deməyə əsas verir ki, artıq dünya İranın legitimliyini qəbul etmək istəmir. Dünyada təəccüblü siyasi hadisələr çox olsa da, İranın dünya ictimaiyyəti tərəfindən inkar edilməsi əslində təəccüb doğurmur. Axı necə ola bilər ki, nüvə silahı yaratmaq və bunun hesabına xırda xalqları, regionun digər dövlətlərini öz inkişaf yolundan döndərib kölə vəziyyətinə salmaq istəyən bir rejim normal qəbul edilsin?!
İran bu vəziyyətə birdən-birə düşməyib. İllərlə yürüdülən terrora dəstək siyasəti, Yaxın Şərqdəki terror qruplarını maliyyələşdirməsi və bu yolla region dövlətlərini özünə tabe etdirməyə cəhd göstərməsi, ölkə daxilində milli azlıqların haqq və hüquqlarını tanımaması, dövlətin rəsmən repressiya aparatına çevrilməsi onu destabilizasiya amilinə çevirib ki, bu da dünya birliyini narahat edir. Bu səbəbdən də İranın terror siyasətinə kəskin münasibət bildirməyin vaxtı gəlib çatıb və İran rəsmilərinin Münxen Təhlikəsizlik Konfransına dəvət almaması təsadüfi xarakter daşımır. Tehranda fəaliyyət göstərən diplomatik nümayədəliklərə qarşı törədilən aksiyalara nəzər salsaq rejimin mahiyyətini üzə çıxararıq. İran İslam İnqilabından sonra - 1980-cı ildə ABŞ-ın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Səfirliyə hücum edən öyrədilmiş şəxslər mühafizəçiləri qətlə yetirdi, yüzə yaxın diplomat iki il müddətində Tehran zindanlarında əsir saxlanıldı. Bu cür “qəhrəmanlıq”lara bununla da son qoyulmadı. Tehranda 2015-ci ildə Misirin, 2016-cı ildə Səudiyyə Ərəbistanının həm səfirliyinə, həm də Məşhəd şəhərindəki Baş konsulluğuna basqın oldu. 2018-ci ildə Böyük Britaniyanın səfirliyi yandırıldı, binası dağıdıldı. Səfir və səfirliyin əməkdaşları ölkədən getmək məcburiyyətində qaldılar.
Hazırda Belçikada İranlı diplomat Əsədullah Əsədinin məhkəmə prosesi davam edir. Məhkəmə müəyyən edib ki, bu diplomat əslində İranın xüsusi xidmət orqanlarının əməkdaşıdır və onun Avropadakı fəaliyyəti İran hakimiyyətinə qarşı olanları öldürməkdən ibarətdir. Polis “diplomatın” yaşadığı evdə apardığı axtarış zamanı partlayıcı maddələr aşkar edib. Belə faktlar yüzlərlədir və bütün bunlara görə İran dünya birliyinin gözündə legitimliyini artıq itirib. İranda 43 il əvvəl devrilmiş şahın oğlunun bu möhtəşəm tədbirə dəvət alması onu deməyə əsas verir ki, Rza Pəhləvi İranda hakimiyyətə əsas iddialı sima kimi qəbul edilir və dəstəklənir.
Rza Pəhləvinin anası Fərəh Pəhləvi əslən azərbaycanlıdır. Buna baxmayaraq, Pəhləvilər dövründə Cənubi Azərbaycanda xalqımızın hüquqlarının tapdanıb, azərbaycanlılara qarşı basqılar olub. Lakin ümid etmək olar ki, İranın gələcək siyasi sisteminin formalaşması prosesində tarixi keçmişin acı nəticələri nəzərə alınacaq və yol verilmiş səhvlər təkrarlanmayacaq.

