General Kərim Kərimov, yaxşı insanlar, məktəbdənkənar təhsil

General Kərim Kərimovu dünyada məşhur edən uğur yolu məktəbdənkənar təhsil müəssisəsindən başlamadımı?
Uşaqlıq illərində onda radioya maraq yaranmışdı. Sonralar general Kərimov öz memuarlarında yazırdı: “Babamın evinin qarşısında, keçmiş kazarmaların binasında yaxşı insanlar müxtəlif dərnəklər, o cümlədən radiotexnika ilə məşğul olmağa imkanı verən Uşaq Texniki Stansiyası təşkil etmişdilər. Mən məhz onda texnikanın bu yeni istiqamətinə yönəlməyə başladım. Odur ki, mənim radioya marağım hələ məktəbəqədər uşaqlıq illərimdə başlayıb”.
O, artıq yuxarı siniflərdən işləməyə başlamışdı. Hələ 4-cü sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi.
Cəmi 12 yaşı vardı, lakin artıq texniki dərnəkdə özünün ilk radioqəbuledicisini yaratmışdı və bu qurğu hətta Avropadan yayılan dalğaları tuta bilirdi. O illər üçün belə bir qurğu müdhiş bir ixtira sayılırdı.
Bəli, yaxşı insanlar bu gün də var. Bu gün də yaxşı insanlar uşaqlar üçün belə məktəblər, dərnəklər yarada bilərlər. Kim bilir, bəlkə də bir gün məktəbdənkənar təhsil müəssisələrindən yeni Kərimovlar yetişəcək, Azərbaycanı, elmimizi, elmi potensialımızı dünyaya çatdıra biləcək.
Qeyd 1: Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün böyük əhəmiyyət daşıyır.
Qeyd 2: Hər bir uşaq istedadlıdır və özünəməxsus şəkildə unikaldır, sadəcə təhsil prosesində uşaqların yaradıcı istedadının cücərtilərini müşahidə etmək, dəstəkləmək və inkişaf etdirmək lazımdır. Məlumdur ki, uşaqların təxminən 70%-nin heç bir fəaliyyətə açıq meyilləri yoxdur. Bu vəziyyətdə valideynlər, müəllimlər, məktəbdənkənar təhsil müəssisələrində təhsilverənlər uşaqların daxili potensial və imkanlarını aça, ən yaxşı keyfiyyətlərini üzə çıxara, potensiallarını maksimum dərəcədə artırmağa kömək edə bilər və etməlidirlər. Bunun üçün də böyük pedaqoq Lev Vıqotskinin təbirincə desək, hər bir uşaq üçün “uğur vəziyyəti” yaratmaq lazımdır.
Digər tərəfdən elmi biliklərin populyarlaşdırılması amalına xidmət edən məktəbdənkənar təhsilin imkanlarından istifadə bu gün hələ üfüqdə görünən bir sıra yeni peşələrə hazırlıq mərhələsi kimi cəlbediciliyini qoruyub saxlamaqdadır.


Oruc MUSTAFAYEV