"1001 kəşf. Müsəlman sivilizasiyasının ölməz irsi"

" Öz müəlliminizi dəstəkləyin və onu tərif edin. Siz şəxsiyyəti, zəkanı yaradan, yetişdirən və inkişaf etdirənlərdən daha görkəmli və hörmətə layiq birisini gördünüzmü?"
"Müsəlman sivilizasiyasının ölməz irsi"
Böyük Britaniyanınn Mançester Universitetinin professori Səlim əl-Həssani tərəfindən qələmə alınmış və "National Geographic" jurnalının dəstəyi ilə rus dilinə də tərcümə olunmuş "1001 kəşf. Müsəlman sivilizasiyasının ölməz irsi" kitabı şərq dünyasının elm sahəsində əldə etdiyi töhfələrdən bəhs edir. Artıq bir neçə ildir ki, Avropa ölkələrində nəşr olunan və təqdimatları keçirilən bu kitab müsəlman sivilizasiyasının elmi və texnoloji aspektlərinin tarixi qiymətləndirilməsində qiymətli töhfə hesab olunur və müasir bəşəriyyətin müsəlman dünyasının yaratdığı elmi ənənələr qarşısında nə qədər borclu olduğuna bir xatırlatmadır. Kitabın müsəlman dünyasında təhsilin təşəkkülünə aid bölməsini maraqlı olacağını nəzərə alaraq təhsilsevərlərin diqqətinə təqdim edirəm.
"Öz müəlliminizi dəstəkləyin və onu tərif edin. Çünki müəllim demək olar ki, peyğəmbərdir. Siz şəxsiyyəti, zəkanı yaradan, yetişdirən və inkişaf etdirənlərdən daha görkəmli və hörmətə layiq birisini gördünüzmü?"
Əhməd Şavkinin poemasından
Məktəbdə keçirdiyimiz illər sayəsində biz sevimli müəllimlər, fənlər və idman bayramlarından tutmuş çətin imtahanlara qədər müxtəlif hadisələrlə bağlı çoxsaylı xatirələr qazanırıq. Bizim həyatımız lazımı səviyyədə biliklər alaraq məktəbi tərk edənə qədər dərslə bağlı olur.
Müsəlman ölkələrində min illər əvvəl məscidlər məktəb rolunda çıxış edib. Din və məktəb bir-birindən tamamilə fərqlənməyib, çünki məscid həm ibadət, həm də tədris yeri olub. Öyrənilən materiallar, təbiətşünaslıq, din və elmlər komfort olaraq yanaşı mövcud olublar, bunu isə dünyanın digər hissələrində olan məktəblər barədə həmişə demək olmaz. Danimarkalı tarixçi Yohannes Pedersenin sözlərinə görə, tədris "dinlə çox sıx bağlı idi, özünü hər ikisinə həsr etmək isə daxili məmnunluq və Allaha ibadətə gətirirdi, alimləri nəinki məhrumiyyətlərə qarşı dözümlü edir və başqalarını da onlara kömək göstərməyə sövq edirdi". Məhəmməd peyğəmbər məscidləri tədris məkanına çevirərək onlara baş çəkməklə, rəhbərlik etməklə tədris prosesinə nəzarət edirdi. Təsis olunan bütün ibadət evlərində baza təhsilinə başlanılırdı. O, hətta Quranı öyrənmiş müəllimləri "əhl əl-ülam"ları (bilik sahiblərini) ərəb qəbilələrinə göndərirdi. Bu isə təhsilin hər yerdə yayılmasına xidmət edir və səyahət edən müəllimlərə öz tələbatlarını təmin edə biləcək həyat sürmələrinə imkan verirdi. Coğrafiyaçı, tacir və X əsrin səyahətçisi İbn Xaukal Palermoda ibtidai məktəbdə 300 müəllimin işlədiyini xəbər verib.
VII əsrdə Məhəmməd peyğəmbərin dönəmində Mədinədə 9 məcsid var idi. Burada ilk məktəb 622-ci ildə yaradılıb, daha sonra isə bu ideya bütün dünyaya yayılıb. Dəməşqdə (Suriya) bu cür məktəb 744-cü ildə yaradılıb. VIII əsrdə məktəblər Kordobada (İspaniya) da yaradılıb, IX əsrin sonlarında isə demək olar ki, bütün məscidlərin nəzdində oğlan və qızların təhsili üçün ibtidai məktəblər olub.
Demək olar ki, 6 yaşlı bütün oğlan uşaqları və bəzi qız uşaqları ibtidai məktəblərə gedirdi. Varlı ailələrdən olan uşaqlar isə fərdi təhsil alırdılar. Təhsil adətən pulsuz və ya o qədər ucuz idi ki, hamı üçün əlçatan idi. İlk yazı dərslərinin birində Allahın 99 gözəl adlarının və Qurandan sadə şeirlərin necə yazılması öyrədilirdi. Daha sonra isə Quranın diqqətlə öyrənilməsi və hesablama qaydalarının mənimsənilməsinə başlanırdı.
X əsrdə dərslər məscidlərdən müəllimlərin evlərinə keçdi, bu isə məktəbin getdikcə inkişafından xəbər verirdi. Bu, əvvəlcə İranda baş verdi. Daha sonra səlcuqlar 1066-cı ildə Bağdad vəziri Nizami əl-Mülkün şərəfinə adlandırılan Nizamiyyə mədrəsəsini yaratdılar. Bu, sözün tam mənasında əsl məktəb idi, onun tədris məşğələlərinin aparılması üçün ayrıca binası var idi. Lakin öz əməkləri müqabilində maaş alan müəllimlərin işlədikləri binalar hələ islamın ilk günlərində yaranmağa başlamışdır.
Təlimin 4 səviyyəsi
İslamın ilk dövrlərində məktəblər təhsil səviyyəsindən asılı olaraq 4 kateqoriyaya bölünürdü: adi, orta ( "oxucular otağı"), "hədislər evi" və tibbi.
Adi məktəblər ümumtəhsil xarakteri daşıyırdı və ibtidai təhsilə uyğun idi. Şagirdlər bu mərhələni başa vurduqdan sonra birinci səviyyə üzrə şəhadətnamə alırdılar və orta təhsil səviyyəsinə keçə bilərdillər. Bu cür məktəblər daha çox yayılmış təhsil ocaqları idi, onlar bütün kəndlərdə fəaliyyət göstərirdilər.
Dar əl -kurra və yaxud "oxucular evi" orta məktəb idi, burada ərəb dili bilikləri təkmilləşdirilir, yeni oxu vərdişləri və Quranın oxunuşu qaydaları mənimsədilirdi. Burada həm də imamlar və müəzzinlər hazırlanırdı.
Dar əl-hədis və ya "hədislər evi" Məhəmməd peyğəmbərin kəlamlarının, hədislərinin tədrisi və tədqiqi üzrə ixtisaslaşmışdı. Bu məktəbin məzunları öz statusuna görə universitet təhsilinə ekvivalent olan təhsil alırdılar və dini müəssislərdə çalışa bilərdilər.
İlk tibb məktəbi 1231-ci ildə Dəməşqdə açılıb. Buna qədər isə tibb təhsilininyalnız xəstəxanada və ya həkim yanında şagirdlik etməklə almaq olardı. Lakin tibbin ixtisaslaşmış müəssisələrdə əsl tədrisi yalnız XVI əsrdə Sultan Süleymanın hakimiyyəti dövründə kök saldı.
Müsəlman torpaqlarında digər binalar kimi məktəblərin tikintisində pula qənəət olunmurdu, gözəllik bu cür tikililərin mühüm xüsusiyyəti idi. Onların hər birində bir, iki, üç və ya dörd eyvanlı daxili həyət var idi. Həyətdə dərslər keçilir və ibadət icra olunurdu. Həyətdə yaşayış tikililəri (fərdi otaqlar) və dəstəmaz kompleksi var idi. Dövlət və ya hakim xəlif tədrisin gedişinə nəzarət edirdi, müəllimlər isə pedaqoji fəaliyyət göstərmək üçün icazə almalı idilər.
XIV əsrin müsəlman pedaqoqu İbn əl-Xac deyirdi: "Məktəbləri uzaq yerlərdə deyil, bazarlarda və ya insanların çox olduğu yerlərdə yerləşdirmək lazımdır. Bu, tədris müəssisəsidir, yeməkxana deyil, oğlanlar evlərindən məktəbə yemək və ya pul gətirməməlidirlər. Müəllimlərin köməkçiləri olmalıdır, onlar şagirdləri və digər ziyarətçiləri (onların titullarına uyğun olaraq) yerlərdə oturtmalı, yatanları oyatmalı, uyğun olmayan işlərlə məğul olanlara və ya öz vəzifələrinə əməl etməyənlərə iradını bildirməli və onları dərsə qulaq asmağa çağırmalıdır. Dərsdə danışıqlar, gülüş və zarafatlar qadağandır".
XV əsrdə türklər İstanbul və Ədirnə kimi şəhərlərdə tədris kompleksləri yaratmaqla təhsildə islahatlar apardılar. Yeni sistem külliye adlanırdı və özündə məscidli universitet kampusu, xəstəxana, məktəb, ictimai mətbəx və yeməkxananın təşkil olunmasını nəzərdə tuturdu. Bu isə tədrisin geniş təbəqələr üçün daha açıq olmasını təmin edirdi, kompleksdə pulsuz qida, tibbi xidmət, bəzən də yaşayış yeri ilə təmin olunmaq imkanı var idi. Belə bir sistem İstanbulda 16 məktəbdən ibarət Fatih-Külliyəsi idi, burada təbiətşünaslar və ilahiyyatçılar dərs keçirdi.
"Müsəlmanların öz xalqları üçün məktəb təhsilinin təşkilində nümayiş etdirdikləri böyük səxavət onların sivilizasiyanın sürətli və parlaq inkişafında ən güclü faktorlardan biri olub"
E.X.Uaylds, pedaqoq
Bütün bunlar üçün pullar haradan əldə olunurdu? Vəsaitlər vergidən daha çox dövlət fondlarından, vəqf adlandırılan xeyriyyə ianələrindən əldə olunurdu. İslama qulluq edən istənilən şəxs xüsusi təsisçi aktı ilə məktəb yarada bilərdi. Maliyyə vəsaitlərinin ayrılması məktəblərin saxlanması, müəllimlərin əməkhaqqının verilməsi, yaşayış, təhsilalanların yeməklə təmin olunması, ehtiyacı olanlara təqaüdlərin verilməsi kimi xərclərin ödənməsini təmin edirdi.
Təhsil çox yüksək qiymətləndirildiyindən ona pulları səxavətlə verirdilər və bu sahə çiçəklənirdi. XIV əsrin müsəlman səyyahı İbn Battuta bütün təhsil xərcləri ödənilmiş məktəbli haqqında yazırdı: "Təlim keçməyi və özünü dini həyata həsr etməyi arzulayan hər kəs bu məqsədlərinə nail olmaq üçün bütün zəruri köməyi alırdı".
XXI əsrdə bir çox tələbələr pulsuz təhsil almağı arzulayır, XIV yüzillik uzaq keçmiş kimi görünsə də, o dövrün müəssisə sistemi, onun təşkili üsulları , logistikası barədə öyrənə biləcəyimiz bir neçə tövsiyə var ki, onlar bu gün də faydalıdır.


Oruc MUSTAFAYEV
Ardı var..