1000 il əvvəlin müsəlman kitabxanaları

Şərqin təhsil tarixindən
III yazı
Müdriklik evi
1000 il əvvəlin müsəlman kitabxanaları


Min il əvvəl Bağdad dünyanın ən böyük və zəngin şəhərlərindən biri olub. Lakin onun sərvəti yalnız pulla ölçülmürdü. İki yüz ildən artıq müddət ərzində burada Müdriklik evi yerləşmişdir. Dünyanın müxtəlif ölkələrindən bir çox alimləri cəlb edən bu ev müsəlman dünyasında riyaziyyat və astronomiyadan tutmuş zoologiyaya qədər çoxsaylı elm sahələri üzrə nəzəri fikrin və diskussiyaların, tədqiqatların mərkəzi , özünəməxsus akademiya idi. Akademiyada alimlər təbiət, tibb və fəlsəfə elmlərinə dair mətnlərin geniş kolleksiyasından istifadə edə bilərdilər. Müdriklik evini təsis edən xəlifələr bir çox qədim sivilizasiyaların nümayəndələrinin əsərlərini özündə cəmləşdirən dünya əhəmiyyətli kitabxana təşkil etmişdilər. 786-cı ildə hakimiyyətə başlayan xəlifə Harun ər-Rəşid atası və babası tərəfindən toplanmış əlyazmaların saxlandığı kitabxana yaratmışdır. Sonrakı 30 il ərzində kitabxana elə böyümüşdür ki, onun oğlu xəlifə əl-Məmun müxtəlif elm sahələrinə aid olan kitabları, ədəbiyyatları yerləşdirmək üçün əlavə bina tikdirməli olmuşdur. Sonralar isə bir neçə elmi mərkəzi də ona birləşdirərək daha çox alimin tədqiqatlarla məşğul olmasını təmin etmişdir. 829-cu ildə o, bu kompleksə rəsədxananı da əlavə etmişdir.
Müdriklik evində alimlər ərəb, fars, yunan dilləri olmaqla bir neçə dildə danışır və elmi kitablar yazırdılar. Mütəxəssislər alimlərin başa düşməsi, bu kitablardan istifadə etməsi və müzakirələr apara bilməsi üçün daim onların ərəb dilinə tərcüməsi üzərində işləyirdilər. Akademiyanın görkəmli zəka sahibləri arasında Aristoteli tərcümə etmiş əl-Kindi və Hippokratı tərcümə etmiş Xunain ibn-İsxak da var idi. Bildirilirdi ki, xəlifə əl-Məmun Müdriklik evinin kitabxanasını zənginləşdirən alim və tərcüməçiləri mükafatlandırır, başa vurduqları hər bir kitab ağırlığında onlara qızıl verirdi.
Biliklərin ötürülməsinin bu üsulu çox uğurlu olmuşdur və uzun illərdən sonra öz davamını XII əsrdə İspaniyanın Toledo şəhərində tapmışdır. Bu dövrdə Toledo digər irimiqyaslı müəssisəyə - mətnlərin ərəb dilindən latın dilinə tərcümə mərkəzinə çevrilmişdir. Ərəb dilində olan kitabların yayılması və mühüm qədim yunan mətnlərinin işıq üzü görməsi ilə əlaqədar tezliklə xristian, yəhudi və müsəlman alimlər bu şəhərə axışmağa başlamışdı. Onlar qədim yunan əsərlərini və orijinal ərəb sənədlərini birlikdə latın, daha sonra isə Avropa dillərinə tərcümə etmişlər. Burada və eləcə də Avropanın cənubunda Mixail Skot Aristotelin bəzi əsərlərini, Gerard Kremonskiy əz-Zəhravinin tibbi ensiklopediyasını və ər-Razinin kimyaya dair əsərlərini ərəbcədən latın dilinə tərcümə etmişlər.
Müdriklik evinin alimlərinin nailiyyətləri bu gün də öz təsirini göstərməkdədir. “Cəbr” sözü öz mənşəyini əl-Xarəzmi tərəfindən yazılmış “Kitab əl-cəbr vəl-mukabala” kitabından götürülmüşdür. Alim IX əsrdə Müdriklik evində işləyərkən bu elmin möhkəm təməlini yaratmışdır. Alimin davamçılarından əl-Karaci onun ideyalarını dəqiqləşdirmiş və daha da inkişaf etdirmiş, nəhayət, yüz illər ərzində mövcud olmuş cəbri ənənənin başlanğıcını qoymuşdur. Bu və digər alimlər abstrakt riyaziyyatın müasir informasiya texnologiyalarının istinad etdiyi bazisi işləyib hazırlamışlar.
Xəlifə əl-Məmunun uzaqgörənliyi və intellektual irsinin əhəmiyyəti danılmazdır, onun xatirəsi hazırda adını daşıdığı Ay kraterində yaşamaqda davam edir.
Bağdad öz inkişafının şöhrətli zirvəsini 1200 il əvvəl islam dünyasının çiçəklənən mərkəzi olarkən yaşayıb. 500 il ərzində şəhər yüksək mədəniyyəti və görkəmli intellektualları ilə şöhrət qazanıb. Bu nüfuzu Bağdad xəlifələri ər-Rəşidin, əl-Məmunun, əl-Mutadidin və əl-Muktafinin hakimiyyəti illərində qazanıb.
Bağdadın bu cür yüksək səviyyəyə çatması və öz şöhrətini uzun müddət saxlamasının səbəbi adıçəkilən xəlifələrin bütün dünya üzrə novator elmi biliklərin axtarışında olmalarında idi. Kitablardan əlavə, onlar tarixdə Müdriklik evi kimu tanınan ən böyük akademiyanın yaradılması üçün müsəlman alimlərini də toplayırdılar. Bu intellektual mühərrikin Bağdadla həmahəng şəkildə mövcud olması şəhəri ədəbiyyat, humanitar və təbiət elmlərinin özünəməxsus baş qərargahı etmişdir. Humanitar və təbiətşünaslığa dair biliklərin yayılması və inkişafında Müdriklik evinin rolu çox böyük idi.
Öz tarixinin müxtəlif mərhələlərində Müdriklik evi 2 fərqli adla tanınıb. O, Xəlifə Harun ər-Rəşidin dövründə sarayın zallarından birini tutmaqla Hizanat əl-hikma (müdriklik xəzinəsi) adlanırdı. Sonradan isə xəlifə əl-Məmunun dövründə böyük akademiyaya çevrilən Beyt əl-hikma (Müdriklik evi) adlanmağa başlayıb. Müdriklik evi bir çox dillərdə yazılmış müxtəlif fənlərə dair kitablarla zəngin idi, bu isə onun elmi universum statusunu müəyyən edirdi.
İlk dəfə xəlifə Məhəmməd əl-Mehdi hərbi yürüşlər zamanı tapdığı əlyazmaları kolleksiyalaşdırmağa başladı. Onun oğlu xəlifə əl-Hadi atasının işlərini davam etdirirdi, digər oğlu, 786-809-cu illərdə hakimiyyətdə olmuş Harun əl-Rəşid Elmlər akademiyası və elmi ədəbiyyat külliyyatı yaratmışdı. 813-cü ildən başlayaraq 20 il ərzində xəlifəlik etmiş əl-Məmun Müdriklik evini daha da genişləndirib və hər bir bilik sahəsi üzrə bölmələr yaradıb. Onun dövründə Müdriklik evi müxtəlif bilik sahibləri olan alimlər və ya üləmalar, tanınmış tərcüməçilər, yazıçılar, şairlər, sənətkarlıq və incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərlə tam dolu idi.
Orta əsrin biliciləri tərcümə etmək, oxumaq, yazmaq və diskussiyalar aparmaq üçün hər gün görüşürdülər. Bu, özlüyündə kosmopolit məkan idi, burada ərəb, fars, yəhudi, ivrit, Suriya, yunan, latın və qədim hind riyaziyyat əsərlərinin tərcüməsində istifadə olunan sanskrit dillərində yazır və danışırdılar. Tanınmış tərcüməçilərdən “patriarxın oğlu, İonanın tərcüməçisi” kimi tanınan Yuhanna ibn əl-Bitrik at-Turcumanın adını çəkmək olar. O, tibdən çox fəlsəfə sahəsinə daha yaxşı bələd idi və Aristotelin 19 fəsildən ibarət “Heyvanlar haqqında” kitabını latın dilindən tərcümə etmişdi. Hüseyn ibn-İsxak məşhur tərcüməçi idi və yunan həkimləri Hippokrat və Qalenin elmi əsərlərini tərcümə etmişdi.
Danışırdılar ki, xəlifə əl-Məmun Siciliya kralına məktubla müraciət edərək fəlsəfə və təbiət elmlərinə aid kitablarla zəngin olan Siciliya kitabxanasının bütün materiallarını onunla bölüşməyi xahiş etmişdir. Kral isə xəlifənin xahişini təmin edərək bütün kitabların surətlərini ona göndərmişdir. Kitabları müxtəlif cür daşıyırdılar. Bir sıra məlumatlara görə, xəlifə əl-Məmun İranın Xorasan şəhərindəki əlyazmaların Bağdada daşınması üçün yüzlərlə dəvədən istifadə etmişdir. Xəlifə kitablar üçün Bizans imperatoruna da müraciət etmişdir. Xəlifə imperatorluğun kitabxanasında saxlanılan faydalı kitabların tərcümə edilməsi üçün özünün bir neçə alimini Bizans imperatorluğuna göndərmək istəyirdi. İmperator razılıq vermişdi, xəlifənin adamları yunan intellektuallarının Bizans kitabxanasında saxlanılan istənilən əsərlərini gətirmək üçün əlavə tapşırıqlarla yola çıxmışdılar.
Xəlifə əl-Məmun nəinki Müdriklik evinə rəhbərlik edir, eyni zamanda humanitar və təbiətşünas alimlərin elmi diskussiyalarında iştirak edirdi. O, özünün şəxsi astronomlarından müsəlman Yəhya ibn əbu Mənsur və yəhudi Sanad ibn Əli əl-Yəhudinin rəhbərlik etdikləri Marsad-Falaki adını daşıyan astronomiya mərkəzi inşa etdirmişdir.
Öz atasından nümunə götürən əl-Məmun çoxsaylı ali məktəblər, rəsədxanalar və parça fabriki təsis etmişdir. Belə məlumatlar da var ki, onun hakimiyyətdə olduğu illərdə fəaliyyət göstərən ali məktəblərin sayı 332-yə çatmışdır.
Məlumatlara görə, xəlifənin xahişi ilə bilicilərdən ibarət qrup onun üçün dünyanın xəritəsini hazırlamışdır. O, “əl-Məmun xəritəsi” və ya “As-sura əl-məmuniyə” adlanırdı və yunan coğrafiyaçılarının, eləcə də Ptolomey dövrünün xəritələri ilə müqayisədə daha çox əraziləri əhatə edirdi.
Müdriklik evinin həmin dövrdə fəaliyyət göstərmiş digər parlaq simalarından tanınmış riyaziyyatçılar və ixtiraçılardan olan Banu Musa-Məhəmməd Əhməd və əl-Həsən qardaşlarını, “cəbrin atası” hesab olunan əl - Xarəzmi, musiqi nəzəriyyəsi və kriptoqrafiyanın banisi əl-Kindi, gözəl xəttat Səid ibn Harun əl-Kitabi, həkim və tərcüməçi Hunayin ibn İsxak əl-İbadi və onun oğlu İsxakı göstərmək olar. Onların bugünkü elmə məlun olan və real eksperimentlərə əsaslanan kəşfləri və tədqiqatları çox geniş və əhatəlidir.
Lakin Abbasilərə məxsus olan və yuxarıda bəhs etdiyimiz Müdriklik evi ilə 1005-ci ildə Qahirədə xəlifə əl-Hakim tərəfindən əsası qoyulan və 165 il mövcud olmuş Fatimilər xilafətinə məxsus müdriklik evini (Dar əl-hikma) fərqləndirmək lazımdır. IX və X əsrlərdə digər şəhərlərdə və islam dünyasının şərq əyalətlərində də Bağdad nümunəsinə oxşar elm evləri və ya, daha dəqiq desək, biliklər evi (dar əl-ilm) təsis olunmuşdur.
Kitabxanalar
Yuxarıda qeyd etdiyimiz kimi, xəlifə əl-Məmun tərcüməçilərin əməyini yunan dilindən ərəb dilinə tərcümə etdikləri kitabların ağırlığına müvafiq olaraq qızılla mükafatlandırırdı. Bu isə müsəlman və qeyri -müsəlmanların gələcək nəsilləri tərəfindən hörmət və ehtiramla yad ediləcək kitabların kütləvi surətdə tərcümə edilməsinə gətirib çıxarmışdır. Abbasilərin hakimiyyəti dövründə bir neçə yüz şəxsi kitabxana açılmışdır. Bu isə minlərlə kitabın oxucular üçün əlyetərliyini təmin etmişdir.
Elmi ədəbiyyatın yayılmasına yol açan amillərdən biri VII əsrdə ilk müsəlman kitabının yaradılması oldu. Bu, Məhəmməd peyğəmbərə (s.ə.s) Allah tərəfindən ayə və surələr formasında göndərilmiş “Qurani-Kərim” idi. İslam tərəfdarlarından bir neçə nəfər dərhal müqəddəs ayə və surələri əzbər öyrəndilər, mirzələr isə onları o dövrdəki istənilən hər hansı əlçatan material - yarpaq, parça, sümük və daş üzərində yazmağa başladılar. Bu əlyazmaların ilk tam nüsxəsi ikinci xəlifə Ömərin qızı Hafsada idi. İlk kitabın bir neçə surəti mövcud idi, onların əksəriyyətində sahibləri tərəfindən edilmiş izahedici qeydlər var idi. Əlavə şərhlər edilmədən vahid kitab yaratmaq üçün bütün bu surətləri toplamaq lazım idi ki, Hafsadakı orijinal versiya ilə müqayisə etmək mümkün olsun. “Qurani-Kərim”in bu nüsxəsi üçüncü xəlifə Osman ibn Affan tərəfindən yaradılmışdır. Görülmüş işlər oxu və yazının üslubunu nizama salmağa imkan verir və “Qurani-Kərim”in yayılmasını asanlaşdırırdı. 1400 il əvvəl Osman ibn Affan tərəfindən yazılmış əlyazmanın nümunəsini bu günə kimi dünyanın ən böyük kitabxanalarında görmək mümkündür. “Qurani-Kərim”in müasir mətni isə VII əsrdəki orijinal əlyazma əsasında yaradılmışdır.
Kitablara bağlılığın formalaşdırılması ona gətirib çıxarmışdır ki, müsəlmanlar onları toplamağa və kitabxanalar yaratmağa başlamışdılar. Kitabxanalar ictimai və şəxsi xarakter daşıyırdı. Məscidlərdə kitabların əhali üçün açıq şəbəkəsinin mövcud olması ilə yanaşı, iri şəhərlərdə müsəlman dünyasının bütün bölgələrindən olan alimlərin diqqətini cəlb edən nüfuzlu şəxsi kolleksiyalar var idi. Kolleksiyalara daxil olan kitablar və əlyazmalar müxtəlif ölçüdə, hər iki tərəfində yazmağın mümkün olduğu keyfiyyətli kağızdan və dəri qabıqdan hazırlanmışdır. Kitabların geniş əhali kütləsi tərəfəndən toplanması elə vüsət almışdır ki, kitab kolleksiyası olmayan məscidlərə rast gəlmək mümkün deyildi. 1258-ci ildə Bağdadın monqollar tərəfindən süqutuna qədər şəhərdə 36 kitabxana və yüzdən artıq kitab ticarətçisi var idi. Ticarətçilərin bəzilərinin eyni zamanda ştat üzrə surətçıxardan işçiləri var idi. Bu cür kitabxanalar Qahirədə, Hələbdə, İran, Orta Asiya və Mesopotamiyanın iri şəhərlərində mövcud idi.
Məscidlərin nəzdində fəaliyyət göstərən kitabxanalar “dar əl-kutub”, yəni “kitab evi” adlanırdı və intellektual həyat mərkəzləri idilər. Alimlər və yazıçılar burada gənclərdən, digər alimlərdən və həvəskar qeyri-mütəxəssislərdən ibarət rəngarəng auditoriya qarşısında öz məşğələlərinin nəticələri barədə hesabat verirdilər. Müzakirələrdə istənilən şəxs iştirak edə bilərdi. Peşəkar mirzələr (varrak, nussax) sonradan bu mətnləri kağıza köçürür və kitaba çevirirdilər. Əgər əlyazmalar xüsusi sifariş əsasında hazırlanırdısa, onlar da eyni üsulla yaradılırdı.
Suriyanın Hələb şəhərində ölkənin Seyfiyə adlandırılan ən böyük və qədim kitabxanası var idi. Kitabxana ümeyidlərin şəhər məscidində yaradılmışdı. Onun kitabxana fondu 10 min cilddən ibarət idi. Kitabxananı şəhərin ən tanınmış hakimi Seyf ad-Daulya hədiyyə etmişdir. Seyfiyə ən qədim və kifayət qədər geniş kitab kolleksiyasına malik idi, lakin ən zəngin kitabxana kimi Tunisdəki Zeytun məscidi nəzdindəki tədris kompleksinin kitabxanasını göstərmək olar. Burada on minlərlə cild kitab var idi, söyləyirdilər ki, Xafsidlər sülaləsinin əksər hökmdarları kitabların saxlanması və həcminin artırılması sahəsində bir-biri ilə yarışa girmişdilər. Kitabxananın tarixində elə dövrlər olmuşdur ki, kitabların sayı 100 min cildi keçmişdir.
VIII-IX əsrlərin müsəlman filosofu və ədəbiyyatçısı Əl - Cahiz 50 il elmi işlə məşğul olduğu və 200 əsər yazdığı Bağdadda işlədikdən sonra Bəsrəyə - öz evinə qayıtmışdır. Onun əsərləri arasında 7 cildlik “Heyvanlar haqqında kitab” var idi. Kitabın məzmunu canlı varlıqlar arasında ünsiyyət və qidalanma, ətraf mühitin onlara təsiri kimi müşahidələrə əsaslanırdı. Onun ölümü çox faciəli olmuşdu: o, 868-ci ildə 92 yaşında şəxsi kitabxanasında, kitab qalaqlarının üstünə aşması nəticəsində vəfat edib. Kitabsevərlərin adətlərindən biri toplanmış, bəzən min cildlərə çatan əlyazmaları ümumi istifadə üçün məscidlərin kitabxanalarına vəsiyyət etmələri idi. Tarixçi əl-Caburunin bildirdiyinə görə, türk mənşəli dul qadın Nailə xatun özünün mərhum əri Murad əfəndinin xatirəsinə məscid tikdirib və onun nəzdində məktəb və kitabxana təsis edib. Digər kitablar isə səyahət edən alimlərdən məscidlər tərəfindən onlara pulsuz ayrılan yaşayış yeri, ərzaq və yazı ləvazimatlarının qarşılığında minnətdarlıq olaraq kitabxanalara verilirdi.
Kitabxanalar nəhəng tikililər ola bilərdi. Orta əsrlərin tarixçilərindən əl-Muqəddəsi Şirazdakı (İran) kitabxana kompleksini belə təsvir edirdi: “Bina ətrafı göllər və bağçalarla əhatələnmiş günbəzlərdən, yuxarı və aşağı mərtəbələrdən, 360 otaqdan ibarət idi. Hər bir şöbədə kataloqların yerləşdiyi rəflər var idi.. Otaqlarda xalı döşənmişdi”. Bir sıra bu cür tikililər, məsələn, Şiraz, Kordova və Qahirədə təsis olunmuşdur. Onlar məscidlərdən kənarda yerləşirdi. Bu tikililər geniş idi və özündə müxtəlif təyinatlı otaqları birləşdirirdi: kitabların saxlanması üçün rəfli qalereyalar, oxu zalları, əlyazmaların və ədəbiyyat küllüyatlarının surətlərinin çıxarılması üçün zallar. Onların hamısı lazımi şəkildə işıqlandırılmış və xalılar, həsirlər, oturmaq üçün yastıqlarla təmin olunmuşdur.
Bizim günlərin kitabxanalarına oxşar olaraq min il əvvəlki kitabxanalar çox yaxşı səhmana salınmış anbarlarla təmin olunmuşdur. İstər şəxsi, istərsə də açıq kolleksiyalarda oxucuların rahat istifadəsi üçün kitabların çeşidlənməsi və onların səliqəli kataloqlaşdırılması sistemi mövcud idi. Kitabxanaçılar kitabxana resurslarının keyfiyyəti və sayına nəzarət edirdilər.
1050-ci ildə Qahirədəki Al Azxar kitabxanasının kitab fondu 120 min cildən artıq idi, kitablar barədə məlumatlar 3500 səhifəlik həcmdə 60 cildlik kataloqda yerləşdirilmişdir. İspaniyadakı əl-Xakama kitabxanasının kataloqu isə, məlumatlara görə, 44 cild olub.
Kitabxanaçı vəzifəsi çox şərəfli idi, bu vəzifəyə ən təhsilli şəxsləri təyin edirdilər. Bu vəzifəyə namizədlər kimi qeyri-adi nailiyyətləri olan, biliklərin müdafiəçiləri və keşiyində duran şəxslər seçilirdi. XII - XIII əsrlərdə Şimali Afrika hökmdarları olan Əlmüvəhhidilər sülaləsinin kitabxanaçıları dövlət qulluqçularının ən imtiyazlı siyahısına daxil idi. Bütün bu kolleksiyalar biliklər üçün həyati əhəmiyyət kəsb edirdi.
Kitab ticarəti də biliklərin yayılmasında mühüm rol oyanayırdı. X əsrin kitab ticarətçilərindən İbn ən-Nadimin məşhur kitabxanası böyük binanın yuxarı mərtəbəsində yerləşmişdi. Kitab həvəskarları, alıcılar buraya əlyazma materiallarını vərəqləməyə, dincəlməyə və ideyalar mübadiləsi aparmağa gəlirdilər. Min il əvvəl müsəlman dünyasında kitab mağazaları var idi, şəxsi və açıq kitabxana fondları kimi onların çeşidləri yüzlərlə ad daşıyırdı.
Kağızın (ərəbcə, virak) icad olunması ilə peşəkar birliyin yaranması zərurəti yarandı, onların nümayəndəsi varrak adlanırdı. Kağız satıcılarını, yazıçıları, tərcüməçiləri, əlyazma üzü köçürənləri, kitabxanaçıları, rəssamları əlyazmaların dekorasiyasını aparanları bu adla çağırardılar. Hesab olunur ki, varrak peşəsi kağızın hazırlanması sənəti Çindən müsəlman dünyasına yayılmasından sonra yaranıb. Bağdad, ola bilsin ki, varrakların kitab mağazalarının meydana gəldiyi ilk şəhər olub. Daha sonra isə onlar bütün müsəlman dünyasında açılıb və onların sayı sürətlə artmağa başlayıb.
XII əsrdə Mərakeşdə kutubion (kitabçı) sözü kitab ticarətçilərinə, mağaza və kitabxana sahiblərinə, eləcə də əlyazmaların üzünü köçürənlərə, cildləyənlərə, mirzələrə deyilirdi. Mərakeşin küçələrindən birində 100 kitab mağazası və hər iki səkidə 50 kitabxana var idi. Yaqub əl-Mənsurun hökmranlığı dövründə burada çalışanların fəaliyyəti özünün ən yüksək zirvəsinə çatdı, hökmdar kitab istehsalçılarını daim mükafatlandırır və oxucu fəallığını stimullaşdırırdı.


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
Yazı Böyük Britaniyanın Mançester Universitetinin professoru Səlim əl-Həsaninin rəhbərliyi ilə qələmə alınmış “1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi” kitabının materialları əsasında hazırlanıb