Suraxanıda polislər arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib

Bu gün Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edənlər müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışda Suraxanı Rayon Polis İdarəsinin 90 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.