Azərbaycan iqlim dəyişmələri ilə bağlı təşəbbüslərə qoşularaq beynəlxalq səyləri dəstəklədiyini bir daha təsdiqləyib

Almaniya Federativ Respublikasının Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak edir.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, dünya ölkələrinin rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfrans iqlim dəyişmələri üzrə yeni effektiv əməkdaşlıq sahələrini, danışıqlar prosesini müəyyən edən mötəbər formatdır.

Builki beynəlxalq konfransın əvvəlkilərdən fərqi həm də ondan ibarətdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının bu il noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçirilməsi nəzərdə tutulan 28-ci sessiyası (COP 28) zamanı ilk Qlobal Dəyərləndirmə (Global Stocktake) Hesabatının hazırlığı prosesi ilə ölkələr tanış olacaq və öz mövqelərini bildirəcəklər.

Qeyd olunub ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdə Azərbaycanda ətraf mühitin qorunmasında həyata keçirilən tədbirlər və qəbul olunan Dövlət Proqramları, Strateji Yol Xəritələri haqqında məlumat verilib. Ölkədə iqlim dəyişmələrinin təsirlərinin azalmasına, qlobal səylərə töhfə verilməsinə yönələn "yaşıl gündəlik” və "yaşıl siyasət”dən söhbət açılıb.

Konfrans iyunun 15-dək davam edəcək.