Xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad sakini saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, onun əlində olan torbaya keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o polis əməkdaşları tərəfindən yaxalanıb.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıb. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.