Ukrayna Azərbaycanlıları Radası beynəlxalq ictimaiyyətə müraciət edib

Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radası (UAR) ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistanın mina təhlükəsi törətməsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, UAR adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan Sahib Əliyevin iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib. Qeyd edilib ki, bu dəhşətli hadisə Ukraynada yaşayan soydaşlarımızda hiddət və dərin narahatlıq doğurub.

Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi, eləcə də beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi dəyərləndirilib.

Ermənistanın mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı bir daha diqqətə çatdırılıb. Mina təhlükəsinin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə böyük əngəllər törətdiyi xüsusi qeyd edilib.

Beynəlxalq ictimaiyyət, həmçinin mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırılıb.