DÜNYAMIZIN NADİR GEOLOJİ TƏBİƏT ABİDƏLƏRİNDƏN... KAPADOKYA

Ağamahmud Səmədov
“Yer və İnsan” jurnalının redaktoru

Təbiət abidələrinə dünyanın müəyyən ərazilərində yerləşən tipik landşaft sahələri, xüsusi cəzbediciliyi ilə seçilən təbiət guşələri, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin yayıldığı xüsusi yerlər, çoxəsrlik ağaclar, şəlalələr, mağaralar, unikal göllər, orijinallığı ilə seçilən geoloji çılpaqlaşmış dağlar, paleontoloji qalıqların yığımları və digər elmi-praktiki, mədəni-maarifləndirici əhəmiyyəti olan təbii meşə sahələri, yeraltı suların ayrıca çıxışları və s. obyektlər - təbii komplekslər aiddir.

Möcüzəli Kapadokya


Geoloji Təbiət Abidələri təbii yolla yaranmış və müəyyən bir ərazidə geoloji proseslərin gedişatını və nəticələrini ən tam və aydın şəkildə xarakterizə edən, yüksək elmi dəyərli, birbaşa müşahidə və tədqiqat üçün gedilə bilən unikal sahələrə deyilir. Geologi təbiət abidələrinə adətən; stratotipik və dayaq kəsilişlərini; faydalı qazıntı yataqlarının etalon sahələrini; qədim dövr­lərdə yaşamış bitki və heyvanların tipik və ya unikal fosil qalıq komplekslərinin ərazilərini və unikal geoloji obyektləri - son dərəcə məhdud sayda bilinən endemik, nadir və ya xüsusilə qiymətli fosil bitki (heyvan) qalıqları, nadir minerallar, qayalar və mineralların tapıldığı yerlər aid edilir.
Planetimizdə nadir geoloji təbiət abidələri çoxdur. Abidələr yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən xüsusi mühafizə olunurlar və onları seyr etmək üçün dünyanın müxtəlif ölkələrindən turistlər cəlb edilirlər.
Dünyanın ən seçmə nadir geoloji təbiət abidələrinə Türkiyədəki Kapadokyanı, ABŞ-da Arizona Meteorit kraterlərini, Avstraliya dyunlarında Daş Heykəlləri, ABŞ-da Böyük Kanyonu, Vezuvi vulkanını və s. misal olaraq göstərmək olar.
Jurnalımızın bu nömrəsində qardaş Türkiyədə yerləşən, olduqca nadir, bir çox insanların dünyanın Səkkizinci Möcüzəsi adlandırdıqları Kapadokya barədə danışacağıq.
Bu yazının müəllifinə sözügedən möcüzəli Geoloji Təbiət Abidəsini seyr etmək nəsib olmuşdur. İnsan burada həm təbiətin, həm də insan dühasının birgə yaratdığı əsrarəngiz gözəlliyin şahidi olur. Kapadokya Abidəsi gözəlliyinə, cazibədarlığına və bəşər mədəniyyəti üçün dəyərliliyinə görə zənnimcə ən seçmə nadir Geoloji Təbiət Abidələrindən, nə də bəşəriyyətin yaratdığı ən gözəl maddi-mədəniyyət abidələrindən geri qalmır. Bununla da Kpadokya dünyamızın ən seçmə nadir təbiət və həm də maddi-mədəniyyət abidələrindən biridir. Qardaş Türkiyəyə səfər edən hər bir insana unikal gözəlliyə malik olan Kapadokyanı ziyarət etməyi tövsiyə edərdik. Şübhə etmirik ki, bu təəssürat ömür boyu unudulmayacaq gözəl bir xatirəyə çevriləcəkdir...

Kapadokyadan bir görünüş

Kapadokya milyonlarla il əvvəl Erciyes, Həsəndağ və Göllüdağ vulkanlarının püskürdüyü lava və vulkan külünün əmələ gətirdiyi yumşaq təbəqələrin milyonlarla il ərzində yağış və küləklə daşınaraq Pəribacası adlandırılan möcüzəli formaya malik nadir Geoloji Təbiət Abidələrinin yayıldığı bir bölgədir.
Kapadokya adına ilk dəfə eramızdan əvvəl 6 əsrdə fars mənbələrində rast gəlinir. “Katpatuka” adlanan bu adın mənşəyi hələlik aydın deyil. Bəzi mütəxəssislər bunun Luvi dilində "Ovalıq" mənasını verdiyini irəli sürürlər.
Burada insanların məskunlaşması paleolit dövrünə təsadüf edir. Xettlərin yaşadığı torpaqlar sonrakı dövr­lərdə xristianlığın ən vacib mərkəzlərindən biri idi. Qayalarda oyulmuş evlər və kilsələr ərazini Roma imperiyasının zülmündən qaçan xristianlar üçün böyük bir sığınacaq halına gətirdi.
Qədim coğrafiyaçı Strabon Roma imperatoru Avqustinin dövründə yazılmış "Coğrafiya" kitabında Kapadokya sərhədlərindən də bəhs edir. Bu yazıya görə, Kapadokiya cənubda Toros dağlarına, qərbdə Ağsaraya, Şərqdə Malatya və şimalda Qara dənizə qədər uzanırdı. Hal-hazırda Kapadokya adlanan bölgə, 250 km2 coğrafi ərazidə cəmlənmiş və əsasən Nevşehirdə Kırşehir, Nig, Aksaray və Kayseri əyalətlərində yayılmış bir bölgədir. Ən çox ziyarət edilən bölgələr Uchisar, Gereme, Avanos, Urgüp, Derinquyu, Kaymaklı və İhlaradır.
Kapadokya bölgəsi sanki təbiətin və tarixin bir -birinə qovuşduğu yerdir. Coğrafi hadisələr Pəribacalarını (bu abidələr Türkiyədə belə adlandırılır.) formalaşdırarkən, tarixi bir müddətdə insanlar bu peribacaların içərisindəki evləri, kilsələri və monastrları oydular, freskalarla bəzədilər və minillik sivilizasiyaların izlərini bu günə qədər qorudular.
İnsan məskənlərinin paleolit dövrünə aid olduğu Kapadokyanın yazılı tarixi xettlərlə başlayır. Tarix boyu ticarət müstəmləkələrinə ev sahibliyi edən və ölkələr arasında ticarət və sosial körpü rolunu oynayan Kapadokya da İpək Yolunun vacib qovşaqlarından biridir.


Pəribacaları

Eramızdan əvvəl XII əsrdə Xett imperiyasının süqutu ilə bölgədə qaranlıq bir dövr başlayır. Bu dövrdə bölgədə Assuriya və Frakiyanın təsiri ilə yaradılmış gec Xett padşahlığı bölgədə hegamonluq edirdi. Bu padşahlıq eramızdan əvvəl VI yüzillikdə fars istilasına qədər davam etdi.
Eramızdan əvvəl 332-ci ildə Makedoniyalı İskəndər farsları məğlub etdi, amma Kapadokyada böyük müqavimətlə qarşılaşdı. Bu dövrdə Kapadokya Krallığı yaradıldı. Eramızdan əvvəl III əsrin sonunda bölgədə romalıların gücü hiss olunmağa başlayır. Eramızdan əvvəl 1 əsrin ortalarından Kapadokya kralları Roma komandirlərinin hökmü ilə təyin edilir və devrilir. Eramızın 17-ci ilində Kapadokyanın son kralı öldükdə bölgə Roma əyalətinə çevrilir.
Eramızın III əsrində xristianlar Kapadokyaya gəlirlər və ərazi onlar üçün yaşayış və düşüncə mərkəzinə çevrilir.


Qayalarda qədim insanların oyduqları
yaşayış yerləri



Azərbaycan geoloqları Kapadokyada.
Soldan mərhum Məmmədrəhim Əkbərov, ortada müəllif, sağda Əli Əliyev (Türkiyə, 1997-ci il).

Kapadokya Türkiyəyə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir yerdir. O, şor sulu və dayaz geniş Tuz gölünün şərqində yerləşir. Bəzən tünd rəngli süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar, qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir. Eyni zamanda, zirvələrindəki daimi qar örtüyünü günəş şüalarını əks etdirən və yaxın keçmişdə fəaliyyətdə olmuş nəhəng cavan Erciyəs və İləsən vulkanları buradan əzəmətli və gözəl görünür.
Bu ərazidə insanlar paleolit dövründən məskunlaşmışlar. Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kapadokyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalmışdır. Tərkibi silikatlarla və qazlarla doymuş ərinti - turş maqma yer səthinə çıxırdı.
Çatlarla yuxarı qalxan maqma aşağı təzyiq sahəsinə düşəndə qazların sürətlə genişlənməsinə səbəb olur və maqma partlayaraq yüngül məsaməli kütlə - pemza əmələ gətirirdi. Belə püskürmələr dəfələrlə baş vermişdi. Bu zaman isti pemza axınları püskürmə mərkəzindən başlayıb uzaq məsafələrə yayılır, relyefin bütün çökəkliklərini (xüsusilə çay vadilərini, yarğanları, çuxurları) dolduraraq onu tədricən hamarlayırdı.
Arası kəsilmədən davam edən gurultudan yerin necə titrədiyini, qazandan daşan süd köpüyü kimi, çoxsaylı vulkan boğazlarından, qaynar pemzanın axaraq sürətlə relyefin yamacı boyu necə hərəkət etdiyini və nəhayət, soyuyaraq sürətdən düşüb öz yerində donduğunu ancaq təsəvvür elmək olar.
Pemza tufları açıq rəngli - ağ, boz və sarımtıl olur. Ona görə də onlardan əmələ gələn dərin yarğan və dərələr bitki örtüyünün və relyefin tünd fonunda daha çox nəzərə çarpırdı. Bir-birinin ardınca baş verən püskürmələr çox oxşar olurdu, bununla belə, yenə də pemza qırıntılarından ibarət qalın qatın laylı olması aydın görünürdü. Bunu vulkanik maddələrin müxtəlif sıxlığa və rəngə malik olması ilə izah etmək olar. Tufların müxtəlif sıxlığa malik olması turistləri özünə cəlb edən möcüzəli relyef əmələ gətirmişdir.
Görem kəndi sahəsində relyef xüsusilə cəlbedicidir: geniş vadinin dibi minlərlə şişuclu pemza axınlarından təşkil olunmuşdur.

Demək olar ki, bu ağ konuslar görünüşünə görə nəhəng termitlərə bənzəyir. Bəzi yerlərdə dik pemza axınları daha sıx süxur parçaları ilə taclanır ki, bu da onları böyük göbələyə oxşadır. Turistlərə təklif olunan, xatirə əşyalarında və açıqcalarda təsvir edilmiş Urgüp şəhərinin yaxınlığındakı məşhur “Üç soba boruları” məhz belə görünür.
Nə vaxtsa az maili və düz olan səthlərdən axan sellərin vadilərdə əmələ gə tirdiyi bənzərsiz mənzərələri seyr etmək adamı heyrətə salır. Uçurumun qırağında oturanda əks “sahildə” gözün səviyyəsındə yaylanın ideal səthi, aşağıda, ayaqlarının altında isə - qüllələr, piramidalar va hündürlüyü onlarca metr olan təpəciklər görünür. Bunlar eroziyanın (latınca “erosio” - yeyib dağıtma) - milyon illərlə su axınının pemza qatını yuyub dağıtmasının nəticəsidir.
Pemza atılması ilə müşayiət olunan partlayışlı püskürmələrdən sonra bir neçə milyon il sakitlik yarandı. Sonra isə pemza bünövrəsi üzərində nəhəng vulkanlar - konusları ətraf düzənlikdə 2 km və daha çox hündürlüyə ucalan Erciyəs və Həsən vulkanları yaranır. Bu vulkanlar tamam başqa maqmanın - əsasən bazalt maqmasının püskürməsi nəticəsində əmələ gəlmişdir. Mərkəzi kraterdən yamac boyu axan lava tədricən genişlənmiş, vulkanın ətəyində çox da böyük olmayan, tərkibi bazalt şlaklarından, bombalardan və qısa lava axınlarından ibarət yeni vulkan konusları yaratmışdır.
Bu vulkanlar uzun müddət fəal olmuş və onların axırıncı püskürməsi bir neçə min il bundan əvvəl baş vermişdir. Çox maraqlıdır ki, Kapadokyanın ən qədim Çatal-Hüyük yaşayış yerinin yaxınlığındakı mağaralarının birində Həsən vulkanının zirvə kraterindən püskürmənin təsvirini əks etdirən şəkillərin və divar naxışlarının fraqmentləri hələ də saxlanılmaqdadır. Mütəxəssislərin fikrincə, şəkillər eramızdan öncə VII minillikdə çəkilmişdir. Başqa sözlə, Həsən 9 min il bundan qabaq aktiv vulkan olmuş, bu da, geoloji hesaba görə, ilkin Holosenə uyğun gəlir. Hal- hazırda bu rayonda fəaliyyətdə olan vulkanlar yoxdur, lakin püskürmənin yenidən baş verməsi də istisna olunmur.
Kapadokya - qədim insan məskənidir. Nisbətən yumşaq tuflarda yaşayış- mağaraları düzəltmək asan olmuşdur. Qayalı tuf qatlarında ibadətxanalar, kəndlər, hətta, Nevşəhər şəhərindən 20 km cənubda Qaymaqlı kimi çoxmərtəbəli şəhər də görmək olar. Bu yeraltı şəhər olub, səkkiz səviyyədən, təmiz hava vermək üçün ventilyasiya sistemi və təhlükə zamanı girişi bağlamaq üçün xüsusi daş təkərlərdən ibarət qapıları vardı. Şəhərin ərazisi müxtəlif səviyyədə yeni yeraltı sahələri tutmaq hesabına dəfələrlə genişləndirilmişdir. İlk mağaralar eramızdan əvvəl düzəlmişdir. Şəhər yeni eranın ilk əsrlərində, xüsusilə insanların təqibdən xilas olmaq üçün gizlənməyə məcbur olduqları vaxt çox genişlənmişdir.
Görem kəndinin yaxınlığında çoxlu xristian mağaraları, kilsələri və monastrları vardır. Kilsələr X-XII əsrlərə aid olan və indiyə kimi yaxşı saxlanmış divar naxışları, sütunlar, taxça və taclarla bəzədilmişdir.Buraya gün işığı pəncərələrdən düşür. Təxminən min il keçməsinə baxmayaraq, qədim məbədlərin divar naxışları hələ də güclü təsir bağışlayır.