Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 19-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-25° isti, dağlarda gecə 1-5°, gündüz 5-9° isti olacağı bildirilir.