AMEA-da Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbirlərə başlanılıb

Fevralın 15-də AMEA-nın Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530-cu ildönümünə həsr olunmuş “Məhəmməd Füzuli – sələflər və xələflər: orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

AMEA-dan  bildirilib ki, konfrans çərçivəsində tədbir iştirakçıları institutun Ekspozisiya zalında nümayiş olunan Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Məhəmməd Füzulinin əsərlərinin Bakı nüsxələri” adlı sərgi ilə tanış olublar. Şöbə müdiri Nigar Babaxanova və baş mütəxəssis Nəzrin Rzayevanın hazırladığı sərgidə dahi şairin əlyazmalarının ən nəfis, nadir və qədim nüsxələri ilə yanaşı, müxtəlif illərdə əsərlərinə çəkilmiş illüstrasiyalar, sənətkarın portretləri və onun yaradıcılığını əks etdirən süjetli xalçaların reproduksiyaları nümayiş olunub. Sərgilənən materiallar sırasında Əzim Əzimzadənin əl işi olan Füzuli portretinin orijinal nüsxəsi, Füzulinin vəfatından cəmi bir neçə il sonra üzü köçürülən və UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan” nüsxələri diqqəti daha çox cəlb edib.

Həmçinin AMEA prezidenti və digər qonaqlar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı kitab sərgisi ilə – Füzuli əsərlərinin müxtəlif dövrlərdə nəşrə hazırlanan çap variantları, institut əməkdaşları tərəfindən ərsəyə gələn elmi-tədqiqat işləri, dahi şairin anadilli “Divan”ı və “Leyli və Məcnun” poemasının elmi-tənqidi mətnləri ilə tanış olublar.

Daha sonra konfrans öz işinə başlayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə bağlı akademiyada 30-a yaxın tədbirin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Əlyazmalar İnstitutunda keçirilən bu konfransın AMEA-da Məhəmməd Füzulinin yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində ilk konfrans olduğunu nəzərə çatdırıb və ilk tədbir üçün bu institutun seçilməsinin məqsədli olduğunu deyib. Qeyd edib ki, Əlyazmalar İnstitutu Məhəmməd Füzulinin adını daşıyır, burada ədibin 140-dan çox əlyazmasının surəti qorunur, həmçinin müəssisədə bir çox füzulişünas alim cəmləşib.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə layiqli şəkildə keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran AMEA rəhbəri qeyd edib ki, Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutur, dahi mütəfəkkirin yaratdığı anadilli poeziyanın mükəmməl nümunələri Azərbaycan ədəbi-bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.

Akademik İsa Həbibbəyli Füzulinin 530 illik yubileyi çərçivəsində ədibin UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan”ının nəfis şəkildə yenidən çap ediləcəyini diqqətə çatdırıb.

AMEA rəhbəri vurğulayıb ki, dövlətimizin başçısının Sərəncamı Füzulinin irsinə qayıtmağa, onun Türk dünyası kontekstində yenidən tədqiqinə geniş meydan açmış oldu.

Daha sonra konfransın plenar iclasında beş məruzə dinlənilib. Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Nizami Gəncəvi və Məhəmməd Füzuli: Azərbaycan romantikasının iki uca zirvəsi” adlı məruzə ilə çıxış edərək Məhəmməd Füzulinin öz sələflərinin açdığı yolu uğurla davam etdirməklə yanaşı, öz ənənələri olan mükəmməl ədəbi məktəb formalaşdırdığını diqqətə çatdırıb. Nizami və Füzuli yaradıcılıqları arasında paralellər aparan alim bu iki sənətkarın Azərbaycan ədəbiyyatı tarixində iki ayrı intibah mərhələsinə zəmin yaratdığını söyləyib. Hər iki sənətkarın möhtəşəm yaradıcılığını ədəbiyyatımızdan boylanan ən uca dağ zirvələrinə bənzədib.

Tədbirdə, həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimlərinin “Məhəmməd Füzuli və Ruhi Bağdadinin əsərlərində “bahar” mövzusu”, “Fəridəddin Əttar və Mövlanə Cəlaləddin Rumi ənənələri Məhəmməd Füzuli yaradıcılığında”, “Taşlıcalı Yəhya yaradıcılığında Məhəmməd Füzuli ənənələri” və “Məhəmməd Füzuli və Cəlil Məmmədquluzadə: kəsişən xətlər və paralellər” mövzusunda məruzələri dinlənilib.

Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.