Sarvan Cəfərov: Kənd təsərrüfatı intensiv inkişaf yolunda olsa da, su resurslarımız azalmaqda davam edir

Qlobal iqlim dəyişikliyi artıq bir reallıqdır. Son illərdə müşahidə olunan quraqlıqlar ölkəmizdə də özünü göstərməkdədir. Azərbaycan quraqlıqdan əziyyət çəkən ölkələr arasında ön sıralarda qərarlaşıb. Ölkəmizdə xüsusilə son 3 ildə taxıl sahələrinin quraqlıqdan məhv olması halları müşahidə edilir. Təkcə ötən mövsümdə dəmyə əkinləri də olmaqla, 160 min hektar sahə quraqlıqdan məhv olmuşdur. Bu, bir daha göstərir ki, indiki dövrdə su resurslarımız bizim üçün nə dərəcədə önəmlidir. Kənd təsərrüfatı intensiv inkişaf yolunda olsa da, su resurslarımız azalmaqda davam edir.

Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O qeyd edib ki, Azərbaycanın su ehtiyatları çox məhduddur və qeyri-bərabər paylanır. Su ehtiyatlarının 70 faizindən çoxu ölkə hüdudlarından kənarda formalaşır: “Su resurslarımızın 70-80 faizi kənd təsərrüfatı sahəsində istifadə olunur. Ölkəmizdə suvarılan 1,5 milyon hektar əkin sahəsinin faktiki olaraq cəmi 8,5-9 faizində müasir suvarma sistemləri istifadə olunur”.

Nazir müavini qeyd edib ki, Azərbaycandakı böyük fermer təsərrüfatlarında və aqroparklarda müasir suvarma sistemləri tətbiq edilir. O əlavə edib ki, gələcəkdə müasir suvarma sistemlərindən daha geniş istifadə olunacaq.//Azərtac