Azərbaycan Dövlət Rəqs Ansamblı Beynəlxalq Festivalda birinci yerə layiq görülüb
Aprelin 25-dən 30-dək Özbəkistanın Xivə şəhərində II “Lazgi” Beynəlxalq Festivalı keçirilib. Builki festivalda Azərbaycan, Fransa, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus, Rusiya, Türkiyə, Qırğızıstan, Serbiya, Braziliya, Pakistan, Cənubi Koreya, İndoneziya, Misir və İrandan kollektivlər iştirak edirlər.
Mədəniyyət Nazirliyindən bildirilib ki, beynəlxalq festivalda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Rəqs Ansamblı yüksək səhnə performansı ilə birinci yerə layiq görülüb.
Azərbaycan kollektivinə festivalın xatirə hədiyyəsi və 2500 dollar pul mükafatı verilib.
Qeyd edək ki, "Lazgi” rəqs festivalı ilk dəfə 2022-ci ildə 10 ölkədən rəqs sənəti ustalarının iştirakı ilə təşkil edilib. UNESCO-nun himayəsi altında keçirilən festival “Lazgi” rəqsinin qorunması və tanıdılması, ölkəyə turist axınının artırılması, Xarəzmin turizm potensialının nümayişi məqsədilə keçirilir. Festivalın qaydalarına görə, iştirakçılar öz xalq rəqslərini, həmçinin “Lazgi”nin bir nümunəsini ifa etməlidirlər.
Onu da əlavə edək ki, bu qədim rəqs UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.