Özbəkistan-Azərbaycan biznes forumu keçirilib

Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.

Nazirlikdən  bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı, avtomobil sənayesi, nəqliyyat-logistika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib. Biznes-forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.

Vurğulanıb ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Keçirilən birgə işgüzar tədbirlərin yeni layihə və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də bu sahədə təşəbbüslərin uğurla reallaşdırılması baxımından mühüm rolu qeyd olunub. İki ölkənin qarşılıqlı iqtisadi-ticarət münasibətləri də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Özbəkistanla investisiya sahəsində işbirliyi isə çoxtərəfli xarakter daşıyır. 2024-2025-ci illər üçün iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə dair birgə yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu kontekstdə 500 milyon dollar dəyərində nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolu xüsusi qeyd edilib. Hazırda şirkətin 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil apardığı diqqətə çatdırılıb. Sahibkarlar investisiya şirkətinin imkanlarından yararlanmağa dəvət edilib.