Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunur.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirlər.
Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, "Lacinema" kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşir.
Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Otuz ilə yaxın işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından başlayaraq qısa dövr ərzində burada geniş miqyaslı bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhərinin əvvəlki əzəməti bərpa edilir”, – deyə M.Məmmədov bildirib.
Digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açıb, bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırıblar.
Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edilib. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının "Lacinema" kinoteatrına yürüşü olub.
Zəngin proqramı olan Laçın Şəhəri Günü rəngarəng tədbirlərlə gün ərzində davam edəcək.