Əlövsət Saldaş yaradıcılığından seçmələr

Əlövsət Saldaş (Məmmədov Əlövsət Sarı oğlu) 1957-ci ildə Ağdərə rayonunun Çərəkdar kəndində anadan olub. Kəlbəcər rayonunun Qılınclı kəndində orta məktəbi, Xankəndidə Pedaqoji Universiteti bitirib. Ali təhsilli riyaziyyat müəllimi kimi Kəlbəcərin Nadirxanlı kəndində müəllim işləyib. 1993 cü ildən Qobustan rayonunun Təklə kəndində məcburi köçkün həyatı yaşayır. 20 il Qobustan rayonunun müxtəlif kəndlərində müəllimlik edib.
Təqaüdçüdür. Üç kitabın müəllifidir, növbəti kitabı nəşrə hazırlanır.
Üç övladı, dörd nəvəsi var.

 

Məmməd İlqara


Ömrün elə vaxtı gəlib çatır ki,
Ürəkdən keçəni yaş başa düşmür.
Əlin hara getsə qabar gətirir,
Gedib bircə dəfə daşbaşa düşmür.

Göydənmi, Yerdənmi, ay ağa, düşür,
Düşən gözdən düşür, ayağa düşür.
Çox zaman düşəndə ayağa düşür,
Nədəndi, biryolluq daş başa düşmür.

Sağınnan, solunnan atılar daşlar,
Canında vəlvələ, səksəkə başlar...
Çatar harayına təmkinli başlar,
Həmişə girəvə çaş başa düşmür.

Nə sehr varıymış, adam, dilində,
Sözü ləl edərmiş adam, - dilində.
Adam söz danışır adam dilində,
Adam dediyini daş başa düşmür.
Həsrət yuva tikir ürəkdə, gözdə,
Əlövsət, can gedir "dayan"da, "döz"də.
Qanlı cığır salır yanaqda, üzdə,
Nələr elədiyin yaş başa düşmür.

***
Qalanı üç nöqtə, sair və sair...
Əgər yaxşı görsən yaz ona dair.
Duyğuların yaman bulandı, şair,
Duru qalıbdırmı duru deyəsən.

Dilin gileylidir neçə yaradan,
Dərd üçün yaradıb səni yaradan.
Ta seçə bilmirsən ağı qaradan,
Azalıb gözünün nuru, deyəsən.

Tanrı fərman verib, oy atmalıydı,
Ölmüşlər təzədən boy atmalıydı.
İsrafil yuxudan oyatmalıydı,
Çalası olmadı suru, deyəsən.

Bu ocaq yanırmı, bilənlər desin,
Vücudumuz donur, çıxmır istisi.
Gözümüzü tökdü yaşın tüstüsü,
Yanası qalmayıb quru, deyəsən.

Qoy olsun ellərim agah, inləyir...
Əlövsət gah susur,gah-gah inləyir.
İndilik ruhumda Segah inləyir,
Gorumda çalacam Şuru deyəsən.


BARI GÖRMƏYİM...
Köhnə ağrılarım oyanar, gəlmə,
Ürəyim qəfildən dayanar, gəlmə,
İmkanın olsa da bu yana gəlmə,
Əhdim var ölüncə yarı görməyim.

Yollara tökmüşəm neçə illəri,
Yaşaya bilmədim biçəm illəri.
Düyünü açılmış qıvrım telləri,
Saçlarına yağan qarı görməyim.

Mənim də bəxtəvər çağım var idi,
Şamama umduğum tağım var idi,
Bir barlı - bəhrəli bağım var idi,
Necə talanıbdı barı, görməyim...

Yenə and yeridi adın dilimdə,
Girdin ürəyimə, qaldın dilimdə.
Necə soluxmusan yadın əlində,
Yanağını sarıb sarı, görməyim...

Yandırır yaramı hələ duz kimi,
Son vida...baxışın, əlin buz kimi.
Qal elə yadımda həmən qız kimi,
Bu yaşımda səni qarı qörməyim.

***
Hasarsız məhbəsdi şəhər dediyin,
Şirinim, şəkərim, kəndə gəlginən.
Mən kənddə tapmışam axtardığımı,
Vallah tapacaqsan, sən də gəlginən

Dolannam başına, gəlsən, qadası,
Laylanı tutaram axşam, - yatası.
Axtarma pendiri, kənd yumurtası,
Bal-qaymaq yeyərsən gündə, gəlginən.
Sanma ki, şairin sözü boşadı,
Kəndə aşıq olan qəmsiz yaşadı.
Sağmal inəklərim qoşa - qoşadı,
Beçələr bannaşır hində, gəlginən.

Lap hini sökərik, pəyə tikərik,
Damın dikəldərik göyə, tikərik...
Yaylağa köçərik, dəyə tikərik,
Ruhumuz dincələr çəndə,gəlginən.

Azca söy bəxtini, az qarğış eylə,
Əl götür Tanrına bir alqış eylə.
Əyin - başdığını yır-yığış eylə,
Bəsdi dolandığın gendə, gəlginən.

Bu yağlı fəsəlli, bu da qatlama,
Tam elə, dadginən bir-bir, adlama.
Qatıx doğraması, ayran, atlama,
Mən ölüm necədi, bəndə, gəlginən.

Boşla, ətəyinnən daşları sal, qız,
Küskün Əlövsətin könlünü al, qız.
Mən burda yalqızam,sən orda yalqız,
Yaman darıxmışam mən də, gəlginən...