Ceyhun Bayramov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib

29 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb.

XİN-dən  bildirilib ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb