Azərbaycanla Yəmən arasında mədəniyyət sahəsində əlaqələrin qurulması məsələsi müzakirə olunub

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də Yəmən Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb.

Nazirlikdən bildiriblər ki, diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb. Deyib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə əməkdaşlığa önəm verir.

Qeyd olunub ki, mədəniyyət xalqlar arasında körpülər qurmaq üçün əhəmiyyətli vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəniyyət sahəsində əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addım atmağa hazırdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq ölkəmizdə diplomat kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin qurulması üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağı fikir mübadiləsi aparılıb.