Təyyarə qəzası ilə bağlı Baş Prokurorluğun əməkdaşları Qroznıdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluq açıqlama yayıb.

Bildirilib ki, bu məqsədlə, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.

Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

 
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.