Xalqına Vurğun Səməd...  

Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə  alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı? İncələyək görək, ilk baxışda ən qatı  sovet ideoloji  əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edilir, beynəlmiləlçilik, ümumilik, kütləvilik təbliğ olunurdu. 30-cu illərdə milli-dini dəyərlərdən imtina edilir, türkçülük, islamçılıq ideyalarının cüzi təsirinin hiss olunduğu əsərlər qadağan edilir, onların müəllifləri isə repressiya edilirdi. “Türk” sözünün tabuya çevrildiyi, rus dilinin geniş təbliğ edildiyi zaman Səməd Vurğun “Komsomol” (poemanın adının sovet dövründə, xüsusilə 30-cu illərdə daşıdığı məna çalarlarına xüsusi diqqət!) poemasında yazırdı:

Nədən söyləməsin ana dililə

Öz odlu nitqini yoldaş komissar?

Türkcə danışmasın sevgilisilə.....

Bu mənhus adətdə böyüklükmü var?

Məndən inciməsin yoldaş komissar!

Qeyd etdiyimiz dövrdə bu misraları yazmaq sənətkardan böyük cəsarət tələb edirdi.

Yenə həmin əsərdə şair Humaydan bəhs edərkən maraqlı milli-etnoqrafik məqamlara toxunur. Belə ki, əsərdə sovet dönəmində qadağan edilmiş “Novruz” bayramı ilə əlaqəli inanclar, mərasimlər təsvir edilmişdir.

Səməd Vurğunun böyüklüyü məhz bu cür məqamlarda, ölüm qorxusu ehtimalı altında sətiraltı da belə olsa öz fikrini  gələcək nəsillərə çatdırmaq cəsarətində zühur edir. Ədəbiyyatda, tarixdə, istənilən kontekstdə müəyyən açıqlamalarla gündəmə gəlmək, "ulduz" olmaq olar. Lakin unutmayaq ki, bu gün alqışlanan "ulduz" u sabah həmin alqış sahibləri etirazla kürsüdən salacaqlar. Lakin Səməd Vurğun kimi bu gün də öz fəth etdiyi zirvədə olan şəxsiyyət və yazar "ulduz" yox, əfsanədir... Əfsanəni isə istənilən kontekstdən şərh etmək olar, amma nə danmaq, nə də o zirvədən endirmək olmaz... 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova