Bəzi çaylarda sululuq artıb – FAKTİKİ VƏZİYYƏT

Avtomat hidroloji stansiyaların mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 36, Katexçayda 22, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 12, Əsrikçayda 8, Zəyəmçay və Gəncəçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 25, Tərtərçay-Vəngdə 7, Tərtərçay-Kəlbəcərdə 5 santimetr artım qeydə alınıb.
Transsərhəd çayı olan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 575 kubmetr/saniyə olmaqla normanın 77 faizini təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində isə suyun səviyyəsi 10 santimetr artıb, su sərfi saniyədə 188 kubmetr olmaqla normanın 93 faizinə bərabərdir.
Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.