Dağlıq Şirvan regionunda tanınmış uşaq yazıçısı, şair Gülzar İbrahimovanın görüşləri

“Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq yazıçısı, şair, Mətbuat Şurasının, AYB-nin və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin Prezident Təqaüdçüsü, uşaqların sevimli yazıçısı Gülzar İbrahimova Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Qobustan, Şamaxı, Ağsu və İsmayıllı kitabxanaların oxucuları ilə görüşüb.
Görüşlər Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
Görüşlərdə Gülzar İbrahimova oxucularına yeni planlarından söhbət açdı, nəşr ediləcək “Oğul dedi mənə Vətən” kitabından danışdı və bu günlərdə Xocalı, Laçın və Füzuli bölgələrində yaşayan uşaqlarla görüşə gedəcəyi sevincini bölüşdü.
Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin birgə təşkilatçılığı ilə keçirilmiş görüşlər uşaqların sevincinə səbəb olub, onlarda kitaba, mütaliəyə daha çox sevgi və bağlılıq yaradıb.
Tədbirlərdə Gülzar İbrahimovanın Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Heydər babanın nəsihətləri”, “Ulu Öndər”, “Heydər babama” şeirlərləri səsləndirilib.
Görüşlərdə yazıçı Ulu Öndərlə bağlı xatirələri ilə bölüşüb, hazırkı bütün uğurlarına görə dahi rəhbərə minnətdar olduğunu vurğulamışdır.
Gülzar İbrahimovanın sözlərinə yazılmış “Ana dilim”, “Sağ ol, ey Vətən”, “Dünya Azərbaycanla gözəldir”, “Bağçamız”, “Gizlənpaç”, “Vətən”, “Evdə tək”, “Ağıllı balam”, “Şirin nənəm” mahnıları tədbirlərə xüsusi rəng qatıb.
Tədbirlərdə Gülzar İbrahimovanın pyeslərindən “Mən Zəfərlə qayıtdım, Ana”, “Oğul dedi mənə Vətən”, “Vətən sağ olsun” tamaşaları göstərilib.
Müəllif bütün görüşlərində Azərbaycanın keçmiş, qədim adlarının tanıması məqsədi ilə tətbiq etdiyi “Qədim Azərbaycan” krossvord müsabiqəsini keçirib. Müsabiqədə yuxarı sinif şagirdləri iştirak edib. Qaliblərə müəllifin təsisçisi olduğu “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək Birliyinin Diplomları təqdim edilib. Əyləncəli-öyrədici viktorina da uşaqların ürəyincə olub.
İstedadları ortaya çıxarmaq məqsədilə də Gülzar İbrahimova “Balaca uşaq yazıçı və şairləri” müsabiqəsi keçirilmiş, istedadlar dinlənilmiş, onların yazılarına diqqətlə yanaşılmış, qaliblər mükafatlandırılmışdılar.
Qobustan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə A.O.Çernyayevski adına 1 nömrəli orta məktəbin şagirdləri və bağça uşaqları iştirak etdilər.
Şamaxı rayonunda keçirilən görüşlərdə Avropa Liseyinin, 9 nömrəli orta məktəbin və b. məktəblərin müəllimləri, şagird və valideynlər, fəal oxucular, kitabxanaçılar iştirak etdilər.
Tədbiri giriş sözü ilə Şamaxı şəhəri üzrə Mədəniyyət nümayəndəsi Rəfail Tağızadə açaraq, qonaqları salamladı, Gülzar İbrahimovaya yazdığı gözəl əsərlərə görə minnətdarlıgını bildirdi, ona yaradıcılıq uğurları arzuladı.
Tədbirin bədii rəhbəri və aparıcısı, Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova tədbir iştirakçılarına bildirdi ki, Uşaq Kitabxanasında ən çox oxunan kitablar Gülzar İbrahimovanın kitablarıdır.
Uşaq yazıçısı Gülzar İbrahimova Şamaxıdakı 2 nömrəli Uşaq Bağçası-Körpələr Evində də oldu.
Ağsu rayonunda Gülzar İbrahimova ilə görüşdə Ağsu rayon 3 və 5 nömrəli məktəblərin, Uşaq Musiqi Məktəbinin şagirdələri iştirak edib. Uşaq Musiqi Məktəbinin şagirdləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
İsmayıllıda keçirilən görüşlərdə mədəniyyət nümayəndələri, 1 və 5 nömrəli məktəblərin şagirdləri, 1 nömrəli Uşaq Bağçasının müəllimləri və uşaqları, Musiqi Məktəbinin şagirdləri iştirak etdilər. Qonağı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva salamladı.
Sonra “Nağıllar dünyasında bir gün” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə Mədəniyyət Mərkəzinin balaca rəssamları iştirak etdilər. Rəsm qaliblərinə diplom və hədiyyələr verildi.
Tədbirlərdə yazıçı Mərkəzi Kitabxanalara yeni kitablarını, habelə Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitablarını da hədiyyə etdi.
Müəllif tədbirlərdə çıxış edən uşaqlara üzərində Azərbaycanın bayrağı olan döş nişanları, bayraq stikerləri və müxtəlif suvenirlər hədiyyə etdi.
Tədbirlərdə rayon Heydər Əliyev Mərkəzlərinin, Mədəniyyət Mərkəzlərinin Tarix Diyarşünaslıq Muzeylərinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və kitabsevərlər iştirak etdilər.