Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, mayın 15-də Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Yüksəksəviyyəli danışıqlar Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.

İstanbulda Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarının bərpası fonunda Volodimir Zelenski Türkiyədə işgüzar səfərdədir.

Bu gün səhər saatlarında Türkiyə Prezident Administrasiyası Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.

"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.//Azərtac