Narkokuryer 16 kiloqramdan artıq marixuana ilə saxlanılıb

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxs narkotikləri İnstaqram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan M.Mirzəyevlə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.