Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından  bildirilib ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın ikinci günündə milli komandanın daha 5 üzvü 1/4 finala vəsiqə qazanıb.

Babək Abdullayev (40 kiloqram) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.

Onur Qurbanov (42 kiloqram) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçu 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq.

Vaqif Məhəmmədli (44 kiloqram) də rinqdən qalib ayrılıb. O, Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Elcan Musazadə (50 kiloqram) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək.

Amid Ələkbərov (60 kiloqram) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. O, Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.