Ceyhun Bayramov Macarıstan Prezidenti ilə görüşüb

Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan Prezidenti Dr. Tamaş Şulyok tərəfindən qəbul edilib.

Bu barədə Xarici İşlər Nzirliyindən məlumat verilib.

Görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunmuş irəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma yaradıb.

Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilələr daxil olmaqla əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.

Regionumuzda post-münaqişə reallıqları, Ermənistanla normallaşma prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri də müzakirə olunan məsələlər arasında olub.

Tərəflər regional və çoxtərəfli çərçivələr daxilində artan əməkdaşlığı qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair ortaq öhdəliyi vurğulayıblar.